Dünya 18:13 07.02.2023

İranda İslam inqilabının liderlərinin portretləri yandırılır

İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümünə etiraz olaraq başlayan aksiyalar davam edir. 

Qaynarinfo xəbər verir ki, aksiyalar əvvəlki kimi kütləvi olmasa da, hakimiyyət üçün kifayət qədər narahatedici xarakter alıb. 

İranlı fıallar deyir ki, ölkənin iri şəhərələrində etirazçılar dövlətin reklam lövhələrini, İslam inqilabının liderlərinin portretlərini yandırırlar. 

"Portrotlərin yandırılması artıq adi hala çevrilib. Hökumət qüvvələri heç bir halda bunun qarşısını ala bilmirlər”, deyə iranlı fəallar bildirir.

Məhsa Əminin ölümündən sonra aksiya iştirakçıları hicab məcburiyyətinin ləğvini tələb edirdilər. Hakimiyyət isə hər addımda bu məsələdə geri çəkilməyəcəyini göstərir.

Bu günlərdə İranın səhiyyə naziri Bəhram Aynullahi bildirib ki, özəl xəstəxanalarda məcburi hicab qanuna riayət olunmadığı müşahidə ediləcəyi təqdirdə həmin xəstəxanaya lisenziya verilməyəcək. Həmçinin onlar kredit götürə bilməyəcəklər. 

Ümumiyyətlə, iranlı fəallar deyir ki, hakimiyyət məcburi hicab qanunu qüvvədə saxlamaq üçün əlavə cəzalar üzərində işləyir. Buraya hicab taxmayanlara kredit verilməməsi, onların ölkədən çıxışının qadağan olunması və müxtəlif inzibati tədbirlər daxildir. 

Seyid