Almaniyanın Yüterboq şəhərində, Bavariya Alp dağlarında və Çexiyanın Bohemiya İsveçrəsi bölgəsində bu il meşə yanğınları qeyri-adi dərəcədə erkən başlayıb. Adətən belə hallar iyul ayında müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, "Tagesschau”nun məlumatına görə, səbəb güclü quraqlıqdır. Almaniya və Çexiyada genişmiqyaslı yanğınlar xilasediciləri çətin vəziyyətdə saxlayır.
Brandenburq əyalətində yerləşən Yüterboqda yanğın cümə günü başlayıb və sürətlə yayılıb. İlkin məlumata görə, hazırda alovun nəzarət altına alındığı bildirilir. Şəhər rəhbərliyinin məlumatına əsasən, yanğın bir gün əvvəl təxminən 113 hektar ərazini əhatə edib. Hadisə keçmiş hərbi poliqon ərazisində baş verdiyi üçün, ərazi partlamamış döyüş sursatları ilə çirkləndiyi üçün yanğının söndürülməsi məhdudlaşdırılıb.
Naturlandschaften Brandenburg fondunun rəhbərinin səlahiyyətlərini icra edən Antye Vurts bildirib ki, bu ərazidə işləmək təhlükəli olduğu üçün tam söndürmə mümkün olmayıb.
Hazırda yanğın lokallaşdırılıb. Şəhər yanğınsöndürmə xidmətinin rəhbəri Riko Valentin alovun daha geniş yayılma riskinin olmadığını bildirib. Xilasedicilər tədricən ərazidən çəkilir, lakin tüstülənmə ocaqları və yanan kötüklər hələ də nəzarətdə saxlanılır. Yüterboq bölgəsində çərşənbə axşamı yağış gözlənilir.
Çexiya sərhədinə yaxın Bohemiya İsveçrəsi milli parkı ərazisində də yanğın qeydə alınıb. Yanğın şənbə günü səbəbi hələ müəyyən edilməyən hallarda başlayıb. Hazırda yayılma dayandırılıb, lakin tam nəzarətə götürülməyib.
Çətin relyef, yüksək temperatur, quraqlıq və külək yanğınsöndürənlərin işini xeyli çətinləşdirir. Çex xilasedicilər hava şəraitinin qeyri-sabit olduğunu bildirirlər. Yanğının əhatə etdiyi sahə təxminən bir kvadrat kilometrdən bir qədər azdır. Söndürmə işlərinə 400-dən çox yanğınsöndürən, polis, ordu və xilasedici xidmətlər cəlb olunub. Səkkiz helikopter havadan su tökür, Slovakiyadan isə əlavə iki "Sikorsky UH-60 Black Hawk” helikopteri gözlənilir.
Bavariyada, Ximqau Alp dağlarında da yanğın ocaqları qeydə alınıb. Sıldırım və çətin keçilən əraziyə görə aktiv söndürmə işləri təhlükəli hesab olunub və müvəqqəti dayandırılıb. Yanğınsöndürənlər ərazini əhatəyə alaraq vəziyyəti izləyir.
Almaniya meteoroloji xidməti yaxın günlərdə yağış və tufanların olacağını proqnozlaşdırır. Mütəxəssislərin fikrincə, bu, yanğın təhlükəsini xeyli azalda bilər.
Aydın
Şərhlər