Video 22:36 03.04.2019

İrandakı kartof və soğan qadağası Azərbaycan bazarına necə təsir edəcək? (VİDEO)

Sabahdan etibarən İran kartof və soğan ixracına qadağa qoyur. Sözügedən məhsulların ixrac edildiyi ölkələrdən biri də Azərbaycandır. Əməkdaşlarımız bu qadağanın Azərbaycan bazarına təsirini araşdırıblar.

İran əsas aqrar məhsullardan sayılan kartof və soğanın ixracını məhdudlaşdırır.

Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli deyir ki, İranda son dövrlər hava şəraiti çox əlverişsiz olub. Yerli hökumət məhsulların daxili tələbatı ödəyə bilməyəcəyindən ehtiyat etdiyindən belə bir qərar qəbul edib. Lakin bu qərar Azərbaycan bazarına ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Yəni bazarda yerli məhsullar hesabına bolluq yaranacaq.

Ekspertin sözlərinə görə, qadağanın yerli bazara təsiri onun nə qədər qüvvədə olmasından asılı olacaq.

Qarşıdakı dövrdə sözügedən məhsulların qiyməti ilə bağlı satıcıların fikirləri birmənalı deyil.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, İrandakı qadağa ilə bağlı qiymət artımının heç bir iqtisadi əsası yoxdur.

''Hansısa məhsulda bahalaşma olarsa, bu, süni qiymət artımından başqa bir şey deyil''- deyə nazirlikdən bildirilib.