Siyasət 15:33 16.03.2013

İrandan Azərbaycana qəribə ittiham

“Rəsmi Bakı Qarabağ müharibəsində iştirak etmiş əfqanların maaşını verməyib”

“Rəsmi Bakı hələ də Qarabağ müharibəsi zamanı Azərbaycanın müdafiəsində iştirak etmiş əfqan mücahidlərinin maaşını verməyib”. Bu məlumatı İran kütləvi informasiya vasitələri “Səhər” TV-yə istinadən yayıb.

Məlumata görə, adını açıqlamaq istəməyən İran İslam Respublikasının 1991-1994-cü illərdə Əfqanistanda ezamiyyətdə olmuş sabiq diplomatı belə bir iddia ilə çıxış edib.

Sabiq diplomatın bildirdiyinə görə, Azərbaycan hökuməti hələ də əfqan mücahidlərinin maaşını vermədiyi üçün Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyasına bir neçə milyon borcludur: “Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyasının mücahidləri İran İslam Respublikasının təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiəsində iştirak etmişdilər”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə AzNews.az-a açıqlamasında “Mən bu məsələ ilə bağlı şərh verə bilmərəm. Çünki bu barədə məlumatsızam və bu mövzu xeyli araşdırma tələb edir” deyə bildirib.

Qaynar.info