Adil Qeybulla: "Özümüz də dənizi təmiz saxlamalıyıq”
Adəti üzrə qızmar yay mövsümündə Bakıda böyükdən kiçiyə hər kəs dənizə, çimərliklərə üz tutmağa çalışır. Lakin heç də həmişə üz tutuduğumuz çimərliklərin sağlamlıq baxımından yaralı və ya yararsız olmasına diqqət etmirik. Hansı ki, hər il bu mövsümdə rəsmi qurumlar yaralı və yarasız çimərliklərin siyahısını açıqlayır.
Məsələn, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin yaydığı məlumata görə bu il də Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır. Qurumdan açıqlama verilərək bildirilib ki, idarənin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Yararlı çimərliklər isə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri hesab olunub.
Bəs çimərliklər necə çirklənir? Necə olur ki, dənizin suyu bir bölgədə təmiz, digər hissədə isə çirkli ola bilir?
Ekspertlər qeyd edir ki, dəniz suyunun çirklənməsinə səbəb çimərliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Üstəlik çirkab suları birbaşa dənizə axıdılır. Beləliklə həmin çimərliklərin yararlı olması üçün ilk növbədə o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün kifayət qədər təmizləyici qurğular olmalıdır.
Ümumiyyətlə dünyanın hər bir yerində kanalizasiya sulaı dənizlərə, okeanlara axıdılır. Lakin kanalizasiya suyu axıdılmazdan əvvəl mütləq zərərsizləşdirilir, ikincili, üçüncülü proseslərə məruz qalır, hətta ondan müxtəlif məhsullar istehsal olunur. Lakin ölkəmizdə kanalizasiya sularının nə dərəcədə zərərsizləşdirilib dənizə axıdıldığı məlum deyil. Rəsmi qurumlar dənizin suyunun təmizləyici qurğular ilə təmizləndiyini bəyan edirlər. Lakin bu yetərli olmur. Bunun üçün də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu yaxınlarda məlumat yayaraq bildirdi ki, dənizin suyunun təmizlənməsi üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur. Qurumdan verlən məlumata görə , ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir. Yaxın dövrdə dövlət proqramına uyğun olaraq çirkləndiricilərin qarşısı alınacaq.
Bəs çirkli dəniz suyu insanda hansı xəstəliklər yarada bilir?
Mütəxəssislər qeyd edir ki, suyun çirkli olması nəticəsində insan mədə-bağırsaq xəstəlikləri, dəri virusları yarana bilər. Xüsusən də çirkli suyun həssas dəri üçün daha təhlükəli olduğu bildirilir.
Bunun üçün qadağan olunmuş ərazilərdə çimmək qətiyyən olmaz. Həmçinin suda olarkən çalışmaq lazımdır ki, ağız boşluğuna su getməsin, əsasən burun ilə nəfəs alınsın. Təhlükələrdən qorunmaq üçün eynəklərdən, papaqlardan istifadə etmək lazımdır.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a danışıb: "Xəzə dənizinin qabarma və çəkilmə prosesləri olduğu üçün özünü təmizləyə bilir. Buna görə də dənizdə hər hansı infeksiyaya yoluxma təhlükəsi yoxdur. Lakin dənizin hər hansı yerində axıdılan tullantı suları və sair müxtəlif xəstəliklər yarada bilər. Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var.
Beləliklə, bakteriya əsasən şirin su hövzələrində yaranır. Çünki bu suların axarlığı yoxdur və nəticədə mikroblar qalaraq daha da çoxalır.
Beləliklə, dənizi biz özümüz də təmiz saxlamalıyıq. Dəfələrlə şahidi oluruq ki, çimərliyə gedən insanların bir qismi hansısa istehlak məsullarını və yaxud qida qalıntılarını dənizə atır. Həmçinin plastik qabları da suya atırlar, halbuki bu cür qabların suda olması insan orqanizmi üçün çox ziyandır.
Xüsusi qurumlar, həmçinin özəl çimərliklərin rəhbərləri dənizin dibinə də nəzarət etməlidir. Çünki şahidi oluruq ki, bəzən suda çimən şəxslərin ayaqları dənizin dibindəki tullantıya dolaşır və insan boğulur”.
Şərhlər