Ötən həftə növbəti yazılardan birini yazarkən qəfildən rəhmətlik Yusif Səmədoğlunun "Qətl günü” romanı, daha doğrusu, onun ən son cümləsi – "Yuxunuz şirin olsun, dirilər!” sözləri yadıma düşdü.
Birdən fikrimdən keçdi ki, əsərə bir də baxım. İnternetdə tapdım onu, amma diqqətim elə birinci cümlədə - "Dərd də azar kimi gələndə batmanla gəlir” sözlərində ilişib qaldı və bu sözlər məni möhkəm tutdu, ona görə ki, çox gərgin keçdi ötən həftə.
Bu səbəbdən ki, lokal-yerli dərdlər bir tərəfə, hazırda Qərb–Rusiya-Ukrayna üçbucağında da təkcə Kiyevin problemləri həll olunmur, bəziləri "Tramp alverçidir, onunla dil taparıq” desə də biz elə gəlir ki, məsələ bir az başqa cürdür, necə deyər, lap "Qətl günü” romanının birinci cümləsində deyildiyi kimi, "dərd batmanla gəlir”, çünki bəlkə də Tramp böyük biznesmendir, şoumendir, amma siyasətçi deyil, özü kimi "alverçi”ləri başına toplayıb gündə bir bəyanat verir!
Yox, demirik ki, dünyanın problemləri yoxdur, onun təsisatları tamam mükəmməldir, onların təkmilləşməyə ehtiyacı yoxdur, yox, belə deyil.
Hətta heç kim Ukrayna-Rusiya müharibəsinin də dayanmasının əleyhinə deyil, amma hamını bir sual düşündürür: Nəyin bahasına? Doğrudanmı, Kiyevi üç illik savaşdan sonra Rusiyanın ayaqları altına atmaq, onu ikiyə bölmək böyük bir siyasi fəhm və fərasət tələb edir?
Trampın sözlərindən belə məlum olur ki, onu Ukraynanın maraqları yox, sadəcə, müharibəni dayandırmaq və Rusiya ilə bazarlaşmaq maraqlanıdırır! Adam açıqca deyir ki, onunıla Putin arasında daha böyük anlaşma var, nəinki Zelenski ilə!..
Biz dəfələrlə yazmışdıq ki, ABŞ-Rusiya dialoqunun gedişində ilk "xərclənən” Zelenski olacaq. Amma ötən həftə Ali Rada bu məsələyə aydınlıq gətirdi. Qərar qəbul edildi ki, hərbi vəziyyət qüvvədə olanadək Zelenski legitim prezident sayılacaq!
Bu, əlbəttə, həm də Trampa qarşı bir jest idi, çünki o, bir həftə bundan əvvəl Zelenskini "ukraynalıların heç dörd faizinin belə müdafiə etmədiyi seçkisiz diktator” adlandırmışdı – guya ki, "seçkili diktator” da olur!..
Məsələ həm də ondadır ki, Donald Trampın Zelenskiylə şəxsi problemləri də var. Bir neçə il bundan əvvəl o, Ukrayna prezidentindən keçmiş prezident Co Baydenin oğluna qarşı kompromat istəmişdi, amma onu ala bilməmişdi!
Son Vaşinqton görüşü zamanı Tramp hətta Zelenskinin geyiminə belə irad bildiridi, ona "Kostyumunuz yoxdurmu?” dedi...
Ümumilikdə isə, Trampa da Putin kimi başıaşağı, Vaşinqtonun buyruqlarını yerinə yetirən, Rusiyaya qarşı loyal olan bir Ukrayna prezidenti lazımdır. Zelenski isə belə deyil, hətta bir az təəccüblü olsa da, bu adam Trampla gərgin görüşdən sonra az qala, Ukrayna müqavimətinin simvoluna çevrildi, hərçənd ki, bizim əvvəl ona elə bir simpatiyamız yox idi, çünki şou əhlini heç vaxt sevməmişik!
Hazırda vəziyyət belədir ki, Avropa ölkələri Ukraynanı və onun liderini müdafiə edirlər, özü də çox fəal şəkildə. İstirahət günü bu konteksdə London sammiti keçirildi.
Tədbir ərəfəsində belə fikirlər səsləndi ki, bəs ABŞ-la Avropanın yolları ciddi şəkildə ayrılacaq, özü də təkə Ukrayna məsələsində yox.
Bəli, ayrılıqda götürəndə belə Tramp Avropa ilə də çox ciddi problemlər yaradıb.
Bu adam beyninə yeridib ki, guya NATO Avropanın təhlükəsizliyini təmin etmək üçündür! Amma ABŞ-ın dünya lideri olmasından təkcə Avropa və ya hansısa başqa ölkələr qazanırmı? Axı bu tamam yanlış yanaşmadır! Bir dəfə nüfuzlu politoloqlardan biri SSRİ-nin çöküşündən ABŞ-ın nə qədər qazandığını hesablamağa çalışmışdı. İnanın, bu az qala, fantastik bir ədəd idi!
Əlbəttə, dünya lideri olmaq ABŞ-a elə-belə başa gəlmir, bunun da xərcləri var. Həm də məsəl var, deyirlər ki, könlü balıq istəyən buzlu suya baş vurar. Üstəlik, Trampın siyasi fokusları artıq respublikaçıların öz düşərgəsiində də müəyyən narahatlıq yaradıb. Bizə elə gəlir ki, bu da bir siqnal olmalıdır ABŞ prezidenti və onun "biznesmen” ətrafı üçün!
Hələ daha çox adam bu fikirdədir ki, Trampın ixtiyarında cəmi dörd il var və bu müddət çətin ki, bütün dünyanı dəyişməyə bəs etsin! Olsun! Amma dünya siyasəti eksperimental laboratoriya deyil ki, hərə bildiyini etsin! Elə şeylər var ki, onlar bir - yarım əsrlik gərgin səylər nəticəsində qurulub.
Onları dağıtmağa dəyərmi?
Hüseynbala Səlimov
Şərhlər