İdman 14:47 09.09.2020

İsa Qəmbər millimizdən danışdı: "İctimai qınaqdan sonra başa düşmüşdülər ki..."

UEFA Millətlər Liqasının ilk turunda doğma meydanda Lüksemburqa 1:2 hesabı ilə məğlub olan millimiz ikinci turda Kipr seçməsinə 1:0 hesabı ilə qalib gəldi.

Uğursuz debütdən sonra yeni baş məşqçimiz Canni de Byazi ikinci oyun üçün sanki sehirli dəyənəkdən istifadə etmişdi. Belə ki, Bakıda bərbad oyun sərgiləyən futbolçularımız 3 gün sonra Kipr meydanında tamamilə fərqli performans göstərərək qələbə qazanmağa nail oldular.

Futbol azarkeşi kimi tanınan ictimai-siyasi xadim, Milli Düşüncə Mərkəzinin lideri İsa Qəmbər son iki matçla bağlı Fanat.Az-a açıqlama verib:

"Doğrudan da bir neçə gün ərzində iki fərqli oyun izlədik. Əgər Lüksemburq millisi ilə oyunda bizim millidə heç nə alınmırdısa (Ramil Şeydayevin qolu istisna olmaqla), Kiprdə hər şey əla alındı. Dəyişən nə idi?

Əvvəla, taktiki sxem dəyişdi, bu dəfə məşqçı de Byazi təxminən 5-4-1 düzülüşünü seçmişdi, bu da müdafiədə və hücumda say üstünlüyü yaratmağa imkan verdi.

İkincisi, millinin debütantı, 22 nömrəli Rəhim Sadıxovun yaradıcı oyunu hücumların kəsərini artırdı.

Üçüncü və əsas səbəb: məşqçi və bütün futbolçular birinci oyundan sonrakı tənqid və ictimai qınaqdan sonra başa düşmüşdülər ki, xalqın bütün etimadını və dəstəyini itirmək üzrədilər. Bu dəfə hamısı əllərindən gələni etdilər.

Millimiz sonrakı oyunlarda Kiprlə matçın 1-ci hissəsindəki kimi oynasa, qrupda uğur qazana bilər. Qrupumuzda ilk iki tur göstərdi ki, komandaların dördü də yuxarı-aşağı eyni gücdədirlər. Kim daha çox fədakarlıq və cəsarətlə hücum edəcəksə, həmin milli qrupun qalibi olacaq".