Son həftələrdə həm internet portallarında, həm də sosial şəbəkələrdə bir neçə dəfə müxalifətin “kölgə kabineti” adı altında siyahılar dərc olunub. Əsasən İctimai Palatada təmsil olunan siyasi partiya üzvlərinin yer aldığı siyahılar müzakirə mövzusuna çevrilsə də qısa zamanda onların bilinməyən bir qaynaq tərəfdən ötürüldüyü aşkar olub. Hər belə siyahı yayılandan sonra aparıcı müxalifət partiyaları siyahıların onlarla heç bir əlaqəsi olmadığı haqqında açıqlama yayıb.
Bir neçə gün öncə isə Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura ilə bağlı siyahı yayılmışdı. Ölkənin aparıcı siyasətçilərinin, ziyalılarının adı olan siyahının keçid dövründə Azərbaycana rəhbərlik edəcəyi iddia olunurdu. Ancaq Rüstəm İbrahimbəyov və onun təşəbbüsü ilə yaradılan “EL” hərəkatının rəhbərliyi siyahının onlar tərəfdən hazırlanmadığını dedi.
“Gündəlik teleqraf” qəzetinin ötən günkü sayında isə bildirilir ki, Milli Şuranın siyahısı minval.az saytında hazırlanıb: “Rüstəm İbrahimbəyovun Milli Şurasına daxil olacağı gözlənilən şəxslərin siyahısı açıqlandı. Rüstəm İbrahimbəyova yaxın şəxslər bu siyahını təkzib etsələr də, onu yalana çıxarsalar da, görünən budur ki, belə bir siyahı yaymaqda onlar bir növ cəmiyyətin nəbzini yoxlayırlar. Nəzər almaq lazımdır ki, sözügedən siyahını minval.az saytı əldə edərək yayıb. Bu sayta isə politoloq Zəfər Quliyev nəzarət edir. Quliyev həm də “EL” hərəkatının əsas siyasi fiqurlardan biri hesab olunur və hərəkatın təbliğatını aparır. Bu fakt göstərir ki, Milli Şuranın tərkibinə daxil ediləcək şəxslərin siyahısının ilkin variantının açıqlanması heç də təsadüfi deyil. Açıqlanacaq rəsmi siyahı ilə indiki siyahı arasında ciddi fərq olmayacaq”.
“Gündəlik teleqraf”ın iddialarına cavab verən minval.az saytının redaktoru İlkin Qəmbər yazılanların absurd olduğunu deyir: “Bu siyahı minval.az saytında nə hazırlanıb, nə də yayılıb. Biz onun varlığından bir neçə saat sonra musavat.com saytından xəbər tutmuşuq. Hətta bundan sonra da biz onu sayta yerləşdirmədik. Bizim Səməd Əkbərov adlı müəllifimiz var. Musavat.com-da açıqca yazılmışdı ki, bu siyahı facebook-da Səməd Əkbərov adlı istifadəçinin səhifəsindən götürülüb. S.Əkbərov facebook-da nə mənim, nə də redaksiya işçilərindən kiminsə dostluğunda yoxdur. Buna görə də təbii olaraq biz onun yaydığı materialları görmürük. Minval.az-ın bu siyahı ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur”.
Qaynar.info
Şərhlər