Xəbər lenti

Ekonomiks 20:33 10.01.2024

İşçilərin əmək haqqını gecikdirəni hansı cəza gözləyir? (ŞƏRH)

"Təəssüf ki, Azərbaycanda müəssisələrin əmək haqqını gecikdirməyə görə cərimələnməsi halları geniş yayılmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli əmək haqqını gecikdirməyə görə müəssisələrin cərimələnməsi istiqamətində vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirərkən deyib.

Natiq Cəfərli vurğulayıb ki, bu məsələ əslində əmək müqavilələrilə tənzimlənir:

"Azərbaycanda təəssüf ki, fərdi əmək müqavilələri praktikada çox azdır. Ölkəmizdə daha çox tipik müqavilələr olur. Ölkədəki 1,7 milyona yaxın muzdla çalışanların 918 minə yaxını büdcə təşkilatlarında çalışır ki, burada da tipik müqavilələr, yəni hamı ilə eyni tip müqavilələr bağlanır. Bu müqavilələrdə isə maaş gecikmələrilə bağlı təəssüf ki, xüsusi müddəalar yer almır. Özəl şirkətlərin bəzilərində isə bu praktikadan istifadə edilir”. 

Həmsöhbətimiz deyib ki, özəl şirkətlər işə götürərkən fərdi müqavilələr bağlayır:



"Bu müqavilənin tərkib hissəsində həm "overtime çalışma” zamanı əmək haqqı hesablanması, həm də maaşların ödənilməsində gecikmə olarsa, müvafiq qaydada kompensasiyanın ödənilməsi məsələsi də qeyd olunur. Əksər hallarda maaşın hər gecikən günü üçün 1 faizi civarında əlavə kompensasiya ödənilir. Təəssüf ki, bu praktika ölkəmizdə geniş yayılmayıb. Onun da səbəbi iş yerlərinin əksəriyyətinin büdcə sektoru ilə əlaqəli olması ilə bağlıdır. Burada da tipik müqavilələr bağlanır. Digər tərəfdən, özəl sektorda rəqabət mühitinin yüksək olması da prosesə öz təsirini göstərir. Belə ki, işçi detallı müqavilə bağlanılmasını tələb etsə, işə götürən yerinə növbədə duran 10 nəfərin olmasınından istifadə edərək, onu dərhal işdən çıxaracaq. Ona görə də insanlar çox zaman öz hüquqlarını ya bilmir. Ya da bilsə onu müdafiə etməkdə çətinlik çəkir”. 

Qeyd edək ki, Azərbaycanda bir sıra hallarda müəssisələr müxtəlif səbəblərdən işçilərin əmək haqqını gecikdirir. Bu vəziyyət özünü əsasən də özəl müəssisələrdə göstərir. Qanunvericiliyə görə, əmək  haqqını gecikdirən müəssələrdə cərimə edilməlidir. Amma prosesə nəzarətin olmaması səbəbindən  müəssisələr əmək haqqını gecikdirməyə görə, demək olar ki, heç bir cərimələrə məruz qalmırlar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->