Dörd kəndin heç bir problemsiz-filansız Azərbaycana qaytarılması azərbaycanlı təhlilçilər arasında erməni baş naziri Nikol Paşinyana qarşı münasibəti azacıq olsa da dəyişməli idi.
Əslində N.Paşinyanın cəhdləri bundan da əvvəl, İkinci Qarabağ savaşından sonra başlamışdı - o, çox ziddiyyətli şəkildə olsa da, sülh məzmunlu bəyanatlar verməyə, erməniləri reallıqları qəbul etməyə çağırırdı.
Amma dörd kəndin qaytarılmasına qədər hamı haqlı olaraq bunların məcburiyyət üzündən edildiyini düşünürdü və bir daha deyirik ki, belə düşünənlər də heç də haqsız deyildi.
Fəqət, dörd kənd heç bir güllə atılmadan Azərbaycana qaytarılandan sonra aydın oldu ki, yox, erməni baş naziri daha çox Qərbin təzyiqi ilə olsa da, hər halda, Azərbaycan və Türkiyə ilə münasibətləri ciddi şəkildə dəyişməyə və bununçün nəinki çətin gedən demarkasiya və delimitasiya işlərinə real məzmun verməyə, hətta dayanıqlı və işlək sülh sazişi imzalamaq, qonşularla sağlam münasibət formalaşdırmaqçün hətta ölkə konstitusiyasını da dəyişməyə hazırdır...
Amma illərlə bizim insanlarımırımız, o cümlədən də siyasi təhlilçilərimiz ermənilərdən, onların siyasətçilərindən o qədər məkr və hiylə görüblər ki, onların hətta Nikol Paşinyana münasibətini bir ayın, bir neçə günün içində dəyişmək mümkün deyil. Burada qeyd etmək lazım gəlir ki, ermənilərin tamam başqa səbəblərdən Azərbaycana və Türkiyəyə qarşı yaranmış münasibətini də tezliklə dəyişmək mümkün deyil, ona görə ki, bu kütlə düz yüz ildən çoxdur ki, ideoloji aşınmaya məzruz qalıb və hələ də qalmaqdadır.
Erməni millətçiləri və ideoloqları çox hiyləgərdirlər, onlar daim ermənilər arasında türklərə nifrət toxumu səpirlər ki, onları öz sərsəm planlarının arxasınca apara bilsinlər.
Heç təsadüfi deyildir ki, ötən əsrin sonlarında da növbəti siyasi avantüraya başlamaq üçün onlar əvvəlcə Sumqayıt hadisələrini törətdilər ki, erməniləri növbəti dəfə türklərlə qarşı düşmənçiliyə qaldıra bilsinlər.
Bəli, əvvəlcə buna nail oldular. Ermənilər təxminən otuz il azərbaycanlılara qarşı vuruşdular, nə qədər cinayətlər törətdilər! Amma son nəticədə heç nəyə nail olmadılar. Bunu erməni siyasətçilərinin hamısı olmasa da, bəzisi anlayır. Düşünürük ki, onlardan biri də Nikol Paşinyandır...
Biz Nikol Paşinyanı alman siyasətçisi Konrad Adenauerlə müqayisə etməzdirk - Nikol hələ sübut etməlidir ki, o, bir siyasətçi kimi vəziyyəti dəyişmək, Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmaq istəyir, ən azı bir erməni kimi türklərə heyvani nifrət bəsləmir. Bir daha deyirik ki, o, hələ bunu əməldə sübut etməlidir. Amma bu yaxınlarda müşahidə etdiyimiz bir detal göstərdi ki, N.Paşinyan ən azı buna cəhd edir.
Bu günlərdə Azərbaycanla həmsərhəd kəndlərin sakinlərilə görüşündə o, dedi ki, Azərbaycanın yaxınlıqda olması sizi qorxutmamalı, əskinə sevindirməlidir, çünki siz onlarla əməkdaşlıq edə, ticarət qura bilərsiniz!
Bəli, müqayisə tam yerinə düşməsə də, bu detal bizim yadımıza Adenaueri saldı: bu alman siyasətçisi təkcə yeni iqtisadiyyat, yeni alman siyasəti qurmurdu, həm də faşizm kimi ideoloji aşınmaya məruz qalmış almanların psixologiyasını dəyişməyə cəhd edir, bunun üçün onların heç də istisana bir millət olmadığını əsaslandırmağa çalışır, almanları digər millətlərlə, hətta beş il vuruşduqları slavyanlarla müqayisə edirdi. İndi Paşinyan da bunu edir. O, erməniləri inandırmağa çalışır ki, türklər və o cümlədən də Azərbaycan türkləri onların düşmənləri deyil, ermənilər bu insanlarla nəinki dinc qonşuluq şəraitində yaşaya bilər, hətta bunu etməlidirlər, əks təqdirdə, ermənilərin bir xalq kimi heç bir gələcəyi və perspektivi olmayacaq.
Ermənilərin bu cür çağırışlara nə qədər həssas və yaxud diqqətcil olmasını demək hələ çətindir. Amma nəinki revanşist müxalifətin, hətta erməni kilsəsinin erməniləri hələ də Nikol Paşinyana qarşı etirazlara qaldıra bilməməsi onu göstərir ki, Ermənistanda da insanlar ən azı düşünmək, liderlərinin dediklərini götür-qoy etmək mərhələsindədirlər...
Hüseynbala Səlimov
Şərhlər