Deputat Əli Məsimli bayram günlərində alıcıların iri və məşhur şirkətlər tərəfindən aldadıldığını bildirib. O, bayramqabağı elan olunan endirim kampaniyaların bir hissəsinin həqiqətən real endirm olduğunu vurğulayıb:
"Bu sahədə dürüst yol tutanların fəaliyyəti təqdirəlayiqdir. Amma endirimlərin xeyli hissəsi manipulyasiya xarakteri daşıyır. Məsələn, dəyəri heç 20 manat olmayan məhsula 50 manat qiymət yazıb, "ŞOK endirim" adı altında onu 35-40 manata satmaq alıcıları aldatmaqdır".
Marketoloq Pərviz Əzimov Qaynarinfo-ya açıqlamasında deyib ki, özünə hörmət edən şirkətlər heç vaxt belə addım atmaz:
"Çünki bu çox tez bilinən fırıldaqdır. Azərbaycan bazarında şirkətlərin 99%-i bu kimi addımlar atmır. Çox nadir hallarda və qeyri-peşəkar şirkətlər bu addımı ata bilirlər. Bu müştərilər tərəfindən tez bilinir".
Marketoloq hesab edir ki, həmin şirkət bu hərəkəti ilə öz reputasiyasına zərər vurur:
"Yəqin Əli müəllimin bununla bağlı əsasları var. Mənim onlarla əməkdaşlıq etdiyim şirkətlər var ki, onların heç biri belə addımlar atmırlar. Amma hər halda belə hərəkətlər qınanılmalıdır".
Bahar Rüstəmli
Şərhlər