Xəbər lenti

Sanksiyalara baxmayaraq, Şimali Koreyanın gəlirləri artır - Səbəb nədir?
Dünya 17:20 19.03.2026

Sanksiyalara baxmayaraq, Şimali Koreyanın gəlirləri artır - Səbəb nədir?

Şimali Koreyanın xarici valyutada gəlirləri 2018-ci ildə tətbiq edilən genişmiqyaslı sanksiyalardan əvvəlki səviyyədən bəri ən yüksək həddə çatıb. Buna kiber oğurluqlar və Rusiyaya silah satışı səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” ABŞ kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.

Milli Kəşfiyyat Direktoru İdarəsinin məlumatına görə, Şimali Koreya qeyri-qanuni kiber əməliyyatlardan ildə təxminən 1 milyard dollar qazanır. Bu vəsait ölkənin silahlı qüvvələrinin maliyyələşdirilməsinə və lider Kim Çen Inın raket və nüvə proqramlarının inkişafına yönəldilir. Hesabatda qeyd olunur ki, Pxenyan təhlükəsizlik tədbirlərini aşmaqda getdikcə daha peşəkar olur.

Sənəddə bildirilir ki, ölkənin "haker ordusu” maliyyə sanksiyalarından yayınmağa, silahlı qüvvələri maliyyələşdirmək üçün vəsait oğurlamağa və silah proqramlarındakı boşluqları doldurmaq məqsədilə kibercasusluq aparmağa yönəlib.

"Bloomberg” xatırladır ki, Şimali Koreya illərdir xaricdə fəaliyyət göstərən İT mütəxəssislərini səfərbər edərək Cənubi Koreya və digər ölkələrdə banklara, şirkətlərə və dövlət qurumlarına qarşı kiberhücumlar təşkil edir. Məqsəd həm maliyyə vəsaitlərini, həm də məxfi hərbi və sənaye məlumatlarını ələ keçirməkdir.

ABŞ qiymətləndirməsinə görə, Şimali Koreyanın kiber proqramı saxta şəxsiyyətlərlə xarici şirkətlərdə işə düzələn İT mütəxəssislərinin fəaliyyəti ilə birlikdə çevik və mürəkkəb xarakter daşıyır. Bu isə ölkəyə casusluq, kibercinayət və hücumlar həyata keçirmək imkanı verir.

Hesabatda həmçinin qeyd olunur ki, Pxenyan Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Moskvaya silah və hərbi qüvvələr təqdim edib. Bu yardımın ümumi dəyərinin 14 milyard dollara qədər olduğu ehtimal edilir.

Analitiklər bildirir ki, Şimali Koreyanın artan gəlirləri və Rusiyaya dəstəkdən əldə olunan qazanc sanksiyaların effektivliyinin azalmasına işarə edir. Bu, həm də Pxenyanın məhdudiyyətlərə baxmayaraq davamlı və nəzarəti çətin olan gəlir mənbələri formalaşdırdığını göstərir.

Hesabatda əlavə olunur ki, Şimali Koreya ABŞ ərazisinin demək olar ki, hamısına çata bilən qitələrarası ballistik raketləri uğurla sınaqdan keçirib və Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etməklə Rusiyadan qiymətli hərbi təcrübə və texnologiyalar əldə edib.

Analitiklərin fikrincə, Şimali Koreyanın Cənubi Koreya və ABŞ-a qarşı hücum potensialından istifadə etməyə hazır olması region və müttəfiqlər üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, Pxenyanın nüvə arsenalını genişləndirmək niyyətində olduğu, bunu isə sınaqların intensivliyi və uranın zənginləşdirilməsi imkanları ilə bağlı açıqlanan məlumatlar təsdiqləyir.

Aydın

--> -->