Bütün Azərbaycan eyforiyadadır. Hamı sevinir ki, "Sumqayıt”ın "Qarabağ”ı qəbul etdiyi qarşılaşma zamanı stadiona 9300 nəfər azarkeş gəlib. Əhsən. Baxan yoxdur ki, bundan əvvəlki turda o stadionda nə qədər azarkeş olub, gələn dəfə neçəsi olacaq. Acı həqiqət ondan ibarətdir ki, həmin o 9000 nəfərin mütləq əksəriyyətini tribunaya gətirən səbəb "Sumqayıt”a dəstək vermək həvəsi deyildi.
Buna deyərlər bayramın bayrama qarışması. Ondan əvvəlki günlərdə də Samir Abasovun İspaniyaya səfər etməsi, orda "Barselona”nın prezidenti Joan Laporta və komandanın baş məşqçisi Xavi Ernandezlə görüşməsinin sevincini paylaşırdıq. Tərslikdən Xavi də Samir Abasovu görən kimi millimizi 6:0 hesabıyla üstələdikləri oyunu xatırladı, birbalaca əhvalımızı korladı. Amma biz belə şeylərə öyrəncəliyik, buna o qədər də əhəmiyyət vermədik. Uduzmuşuq, canımız sağ olsun. Əsas odur ki, azərbaycanlı mütəxəssis İspaniyaya yollanıb, orda görüşlər keçirib. Adamın yadına məşhur ingilis Toni Adamsın "Qəbələ”yə baş məşqçi gəlməsi, Emil Mpenzanın "Neftçi”də forma geyinməsi, "Səbail”in Maykl Esyeni heyətinə qatması düşür. Məsəli Samir bəydən uzaq olsun. Ümid edirəm ki, bu görüşlər yaddaşlarda əvvəlki şoular kimi qalmayacaq, gənc mütəxəssisin püxtələşməsinə fayda verəcək.
Bir neçə həftə bundan əvvəl "Sumqayıt”ın hakimlər tərəfindən irəli "dartılması”yla bağlı qızğın müzakirələr gedirdi. Xüsusiylə də "Turan Tovuz”la səfər oyunundan əvvəl belə müzakirələr qızışmışdı. Amma qərb səfərində "Sumqayıt” layiqli qələbəylə azarkeşlərini sevindirdi, heç Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası ürəklərə şübhə toxumu səpəcək hansısa davranışa yol vermədi. Deməli, istəyəndə bizim hakimlərimiz də təmiz, ədalətli oyun idarə edə bilirlər. Təəssüflər olsun ki, sonuncu turdakı "Sumqayıt” - "Qarabağ” qarşılaşması haqqında bu sözləri demək mümkün deyil. Yaxşı ki, "Qarabağ” çempionluğu təmin edib. Yoxsa bu qarşılaşmadakı hakim idarəçiliyi, xüsusən də qarşılaşmanın sonlarındakı penalti epizodunun səs-küyü çox davam edərdi. "Sumqayıt”ın müdafiəçiləri cərimə meydançasında topun qarşısını əlləri ilə necə kəsməlidilər ki, hakimlər "nöqtə”ni göstərsinlər? Daha çox təəssüfləndiyimiz odur ki, həmin epizodda VAR texnologiyası da baş hakim Rauf Cabbarovun düzgün qərar verməsinə yetərli olmadı. Heyf VAR-a da, türkiyəli Barış Şimşəkə də xərclədiyimiz pullardan.
Biz deyəndə, yazanda üstümüzə min bir böhtanla gəlirlər. Ona görə də bəzi hadisələri zamanın axarına buraxırıq. Amma haqqı pozulanlar susmurlar. "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Araz Naxçıvan”la oyundan sonra dilə gəlib, konkret və sarsıdıcı ittihamlar səsləndirib. Onun axirət haqqında dedikləri bizim hakimlərimizin vecinə olmaya da bilər. Mənim bildiyim qədəriylə hakimlərimizin arasında da yetərincə ibadət əhli var. İstənilən halda məsələnin axirətə qədər uzanmayacağına, hakimlərimizin səhvlərinə tezliklə son qoyulacağına inanıram. Necə ki, "Sabah”ın rəhbərliyi AFFA da söz sahibinə çevrilməyə başlayandan bəri hakimlərin Masazır təmsilçisinə qarşı daha ehtiyatlı və diqqətli davranmağa çalışdığını görməmək mümkün deyil. Maraqlıdır ki, elə "CBC Sport” telekanalanda da oxşar meyllər hiss olunur. Hər halda, belə məsələlərdə hamının ədalətli və vicdanla davranmasında, öz üzərinə düşəni yerinə yetirməsində fayda var.
Görünən dağ bələdçi istəməz. Mən nə "Sumqayıt”ın "Qarabağ”ı hakimlərin sayəsində məğlub etdiyini iddia edib, meydan sahiblərinin qələbəsinə kölgə salmıram, nə də "Zirə”nin "Araz Naxçıvan”a Cavid Cəlilova görə uduzduğunu demirəm. Lakin ədaləti təmsil edənlərin şübhəli və yanlış qərarları gözümüzün önündədir. Onlar istədiklərini "yuxarıd dartıb”, istəmədiklərini "zirzəmiyə doğru yuvarlaya” bilirlər. Ümid edək ki, düzələcək.
Amal Abuşov
Şərhlər