Xəbər lenti

İşdən çıxan məmur: “70-80 yaşında insanın nə potensialı ola bilər axı?”
Ölkə 19:03 16.11.2019

İşdən çıxan məmur: “70-80 yaşında insanın nə potensialı ola bilər axı?”

"İşdən çıxmağım barədə xəbər doğrudur və bu qərarım həm təqaüdçü olmağım, həm də səhhətimdəki problemlə bağlıdır”. 

Bu sözləri Yenisabah.az-a bu gün vəzifəsindən azad edilən Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov deyib.
 
O bildirib ki, işdən çıxmaq barədə ərizəni hələ iyun ayında yazıb. "Sadəcə "bu gün-sabah” deyə-deyə indiyə qədər uzandı. Həm də icra başçısı dəyişdi. Yeni icra başçısı da dedi bir qədər gözlə. Nəhayət, ərizəmə baxıldı və mən işdən çıxdım. Burada sensasiya axtarmağa gərək yoxdur”, - deyə Rasim Novruzov bildirib.

O qeyd edib ki, həm təqaüdçü olduğuna, həm də səhhətindəki problemlərə görə əvvəlki enerji ilə işləməsi mümkün deyil: "Artıq yaş öz sözünü deyir. 65 yaşıma 4 ay qalıb. Həm də səhhətimdə problemlər var. Əsəb, ürək və s. Gərək səmimi olasan. Nə özünü, nə də dövlətini aldadasan. Vəzifədəsənsə, gərək işləyəsən. Bunun üçün də səhhətin imkan verməlidir, işləmək üçün ürəyində, əsəbində problem olmamalıdır. Yoxsa get baş girlət qayıt, belə olmaz. Onu da deyim ki, mənim 42 illik stajım var, onun 39 ilini dövlət qulluğunda çalışmışam”.  

Rasim Novruzov təqaüd yaşına çatmış və daha artıq yaşı olan məmurların gənclərlə əvəzlənməsini müsbət qarşıladığını deyib. "70-80 yaşında adamın potensialı tükənir axı. Bu gün işləyən adam yaradıcı olmalıdır. Cəmiyyət, dünya inkişaf edir. Bu inkişafa uyğun işləmək üçün yaradıcı olmalısan. 70-80 yaşında insanın nə potensialı, nə yaradıcılığı ola bilər axı? Onun enerjisi tükənib artıq. Amma elə sahələr var ki, orada yaşlı mütəxəssislərin təcrübəsindən istifadə etmək olar. Tutaq ki, kimsə alimdirsə və əgər onun 70 yaşında da elmi araşdırmalar imkanı varsa, qoy öz töhvəsini versin”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->