Xəbər lenti

İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
Dünya 15:15 20.12.2024

İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri

Suriya rejiminin hakimiyyəti dövründə minlərlə mülki şəxsə qarşı tətbiq edilən işgəncələr və zorakılıqlar tədricən üzə çıxır. 

Qaynarinfo xəbər verir ki, 2013-2016-cı illər arasında həbsdə saxlanılan bir suriyalı qadın yaşadıqlarını "CNN Türk" müxbiri Mehmet Şimşəkə danışaraq rejimin həyata keçirdiyi vəhşilikləri gözlər önünə sərib.

- Suriya hökuməti sizi nə zaman və nə səbəbdən həbs etdi?
- 2013-cü ildə həyat yoldaşımla birlikdə həbs edildim. 2016-cı ildə azad olundum, lakin yoldaşımdan bu günə qədər heç bir xəbər ala bilməmişəm. Onu hələ də axtarıram.

- Həbsinizin səbəbi nə idi?
- Müxalifətçi olduğumuz və təbliğat vərəqələri yaydığımız üçün bizi tutdular. Ərimdən 12 ildir xəbər yoxdur. Xəbərləri izləyirəm, amma heç bir izə rast gəlmirəm.

- Həbsxanada ilk olaraq nə ilə qarşılaşdınız?
- İlk olaraq Hələb həbsxanasına aparıldım. Orada məni gözlərim bağlı vəziyyətdə saxladılar. Gecələr üç dəfə tualetə aparıldığımda işgəncə verilən gəncləri gördüm. Onlar əllərindən asılmış vəziyyətdə idi, ayaqları isə yerə toxunmurdu. Bir neçə saat sonra həmin gənclərin öldüyünü və cəsədlərinin yorğan-döşəyə büküldüyünü gördüm. 

Qadınları aparıb alçaldırdılar. Onları geri gətirəndə ölü kimi idilər. Hər tərəfdən qan axırdı. Bir-iki saatlıq müayinəyə aparırdılar, ertəsi gün yenə eyni işgəncəni verirdilər. İki aydan sonra bizi təyyarə ilə Dəməşqə apardılar. Çünki bütün yollar bağlı idi. Bizi Dəməşqin Məzzə hissəsinə yerləşdirdilər. Oradakı kameralardan işgəncə səsləri gəlirdi. Dörd qadın idik, nə baş verdiyini soruşmağa qorxurduq, amma işgəncə veriıən qadınların səslərini eşidirdik. Bundan sonra bizi Fələstin hissəsinə apardılar. 9 ay burada bir otaqda qaldıq.

- Daha hansı işgəncə növlərinin şahidi olmusunuz, bir az danışa bilərsinizmi?
- "İbrahim yaşılı" dedikləri işgəncə növü var idi. Yaşıl şlanq var idi, ona "İbrahim yaşılı" deyirdilər. Bununla bizi döyürdülər. Onunla təsadüfi atəş açırdılar. Uşaq və ya qadın olmasından asılı olmayaraq, onları vicdansızcasına döyürdülər. Fələstin bölməsi normal deyildi. Divarda belə yazılmışdı: "İtkin olaraq daxil oldun, yenidən doğulacaqsan". Gecə saat 3-4 radələrində gəlib içəridəki gözəl qızları yığıb həbsxana rəisinə aparırdılar. Bir neçə saatdan sonra geri gətirdilər.

- Həbsxana rəisinin yanına niyə aparırdılar?
- Əsirlər arasından gözəl qızları seçib aparırdılar. Yəni zorlamaq üçün. Elə bir işgəncə var idi ki, onu təsvir edə bilmirəm. Yemək, içki, tualet yox idi. Çox pis işgəncələrə məruz qaldıq. "Maşın şkafı" deyilən bir şey gətirdilər, ayaqları yuxarı qaldırıb, bağlayıb döydülər. Qan axana qədər vururdular. O qədər ki, bir dəfə insan işgəncə altında öldü. Bu orda normal bir şey idi. Mən məhkəmə tərəfindən azadlığa buraxıldım. Ərim haqqında heç nə bilmirəm. 12 ildir ki, heç bir xəbər yoxdur. Bilmirəm ölüb, yoxsa hələ də həbsdədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->