Xəbər lenti

İslam maarifçiliyinin mərkəzi olan şəhər qumların altında yox olur
Dünya 23:41 27.05.2025

İslam maarifçiliyinin mərkəzi olan şəhər qumların altında yox olur

Səhranın incisi hesab edilən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan qədim Mavritaniya şəhəri Oualata zaman və qumun təzyiqi altında tədricən yox olur. Keçmişdə Transsəhra karvan yolu üzərində yerləşən və İslam maarifçiliyinin mühüm mərkəzi olan bu şəhər bu gün var olmaq uğrunda mübarizə aparır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat verib.

Oualatada hələ də akasiya ağacından hazırlanmış və yerli qadınların nəsillər boyu çəkdiyi naxışlarla bəzədilmiş qapıları, eləcə də nəsildən-nəslə ötürülən bilikləri qoruyan ailə kitabxanalarını görmək mümkündür. Buradakı bəzi əlyazmaların tarixi XIV əsrə gedib çıxır.

Lakin iqlim dəyişikliyi bu mədəni irsi təhlükə altına salıb. Bu il xüsusilə güclü yağışlar nəticəsində onlarca bina dağılıb.

Problemi daha da ağırlaşdıran amil isə əhalinin kütləvi köçüdür: şəhərdəki binaların təxminən üçdə ikisi boş qalıb. Mavritaniya ərazisinin 80 faizi səhralaşma ilə əhatə olunub - bu proses iqlim dəyişikliyi və düzgün olmayan torpaq istifadəsi ilə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, 1970-ci illərdən bəri region yaşıllıqlarını itirib və sürüşkən qum təpələrinin sahəsinə çevrilib.

İmam Məhəmməd ben Bati ailəsinə məxsus "Taleb Bubakar" kitabxanasında 220-dən çox qədim əlyazmanı böyük diqqətlə qoruyur. Lakin binanın vəziyyəti acınacaqlıdır - damın bir hissəsi çöküb və nəmişlik kitabları zədələyir. 1990-cı illərdə İspaniyanın dəstəyi ilə əlyazmaların bir qismi rəqəmsallaşdırılmışdı, lakin bu gün onların qorunması üçün demək olar ki, heç bir vəsait yoxdur.

Şəhər demək olar ki, turist qəbul etmir: burada otellər yoxdur və ən yaxın yaşayış məntəqəsinə yalnız torpaq yollarla çatmaq mümkündür. Üstəlik, Oualata Mali sərhədinə yaxın yerləşir və bu bölgə terror təhlükəsi riski olan ərazi kimi qiymətləndirilir.

Bütün bu çətinliklərə baxmayaraq, şəhər yaşamını davam etdirir. Axşamlar, günəş Dhaar dağlarının arxasında batarkən, uşaqlar küçələrdə oynayır. Hər il dörd qədim "ksur"dan birində keçirilən festival isə bu mədəni irsə diqqəti yönəltməyə və bərpa üçün vəsait toplamağa kömək edir.

Alimlərin fikrincə, Oualata sadəcə şəhər deyil, keçmişin canlı abidəsidir və onun gələcəyi yalnız yerli təşəbbüslər və beynəlxalq diqqət sayəsində qoruna bilər. Tədqiqatçılar bu mirasın xilas edilməsi üçün təcili tədbirlər görməyə çağırırlar - hələ gec olmamış.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->