"İsrailin həyata keçirdiyi hücumlar, xüsusilə də elmi və hərbi sahədə önəmli fiqurların ardıcıl şəkildə hədəf alınması, Yaxın Şərqdə yeni bir münaqişənin, yeni bir savaşın başlanğıcına işarədir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsrailin bu gecə İranın hərbi obyektlərini vurmasını şərh edərkən deyib.
"İranın tezliklə hədəfə çevriləcəyi barədə düşüncələrimi daha əvvəl verdiyim müsahibələrdə dəfələrlə vurğulamışam. Bildirmişdim ki, bu prosesin yekununda İranın birbaşa hədəfə alınacağı qaçılmazdır", deyə Azər Hüseynov bildirib.
Ekspertin fikrincə, İran birmənalı şəkildə İsrailin bu hücumlarına cavab verəcək:
"Amma bu cavabın nə dərəcədə effektiv olacağı artıq ciddi müzakirə mövzusudur. Çünki hazırda İranın hakimiyyət elitasında önəmli fiqurlar ya öldürülüb, ya da təsirsiz hala gətirilib. Buna baxmayaraq, unutmayaq ki, Yaxın Şərqdə heç bir münaqişə sürətli başlayıb, tez bitmir. Əksinə, ilk baxışda lokal görünən qarşıdurmalar sonradan regionun taleyini 5-10 illərlə dəyişən müharibələrə çevrilir. İranın cavab verməsi bir dövlət kimi onun üçün alternativsizdir. Amma bu cavab necə veriləcək və hansı nəticələri doğuracaq, bu, artıq həm regional, həm də qlobal siyasətin gündəmini müəyyən edəcək əsas suallardan biridir".
Bundan əlavə, həmsöhbətimizə görə, İsrailin hücumu üçün seçdiyi zaman da diqqətçəkicidir:
"Hazırda bölgədə demək olar ki, hər kəs öz daxili problemləri ilə məşğuldur. İranın mövqeləri İraqda zəifləyib, onun proksi qüvvələrinin, xüsusilə Hizbullahın əvvəlki gücü artıq mövcud deyil. Belə bir məqamda bu cür cəsarətli bir addım atmaq, həm strateji fürsətdən istifadədir, həm də daha geniş bir planın tərkib hissəsi ola bilər".
Azər Hüseynov deyir ki, İsrailin İranı vurması ABŞ ilə danışıqlarda güzəştə getməməsinə görədir:
"Həm də bəziləri düşünür ki, ümumiyyətlə region yenidən dizayn edilməlidir. Amma Yaxın Şərqdə bir od yandısa, onun tez bir zamanda sönməsi mümkünsüzdür".
Qeyd edək ki, iyunun 13-ü gecə saat 2-3 arasında İsrail İrana hava zərbələri endirib. Hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb. Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.
İsrail aviasiyası İranın Natanz, Fordodakı uranın zənginləşdirilməsi müəssisələrinə, Kermanşah, Xaremabaddakı raket bazalarına, habelə Tehran, Təbriz, İsfahan kimi iri şəhərlərə zərbələr endirib.
Son məlumatlara görə, cavab olaraq son bir neçə saat ərzində İran İsrailə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb. Nəticələr haqda məlumat yoxdur.
Rüfət Sultan
Şərhlər