Xəbər lenti

İşsizlərin statistikası real vəziyyəti əks etdirirmi?
Ölkə 20:23 17.09.2019

İşsizlərin statistikası real vəziyyəti əks etdirirmi?

Pərviz Heydərov: "Kölgə iqtisadiyyatına qarşı atılan addımlar həm də əmək bazarının öyrənilməsi, real vəziyyətin üzə çıxarılması baxımından müsbətdir”

Bu il sentyabrın ayının 1-nə qədər Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5191,2 min nəfər olub ki, onlardan 4939,1 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni isə qadınlar təşkil edib. İşsizlərin cəmi 0,9%-nə və ya 638 nəfərinə işsizlikdən sığorta ödənişi verilib. Qeyd edək ki, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.

Rəqəmlərə görə, rəsmi işsiz statusu verilən şəxslərin sayı bu ilin əvvəlindən ötən 8 ay ərzində 3,5 dəfə artıb. Belə ki, bu ilin əvvəlində məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20 min 88 nəfər olub. İşsizlikdən sığorta ödənişi (İşsizlik müavinəti) alanların sayı isə 43% və ya 479 nəfər azalıb. Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 28 min 980 nəfəri Bakı şəhərinin payına düşüb və bu ilin ilk 8 ayı ərzində 3,1 dəfə artıb. Son 8 ayda rəsmi qeydiyyatda olan işsiz insanların sayı ən çox Daşkəsəndə artıb.
Ekspertlər isə hesab edir ki, işsizlərin sayının rəsmi statistika ilə müqayisədə daha çox olacağı ehtimalını istisna etmirlər.

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, rəsmi statistikanı, bu rəqəmləri nə nəzəri, nə də praktiki baxımından inkar edə bilməsə də, real vəziyyətin fərqli olduğunu düşünür:

"Azərbaycan şəraitində, real vəziyyətdə, mövcud iqtisadi udum baxımından, əmək bazarının mövcud vəziyyəti nöqteyi-nəzərindən onu deyə bilərəm ki, işsizliyin səviyyəsini dəqiq müəyyən etmək çətindir. Çünki işsizliyin bir neçə növü var. Bu növlər üzrə işsizliyin ümumi vəziyyətini konkret rəqəmlə əks etdirmək əslində praktik olaraq mümkün deyil. Burada qeyri-adi nə isə yoxdur. Bundan əlavə, son vaxtlar əmək müqavilələrinin bağlanması, məşğulluğun təmin edilməsi və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin əsas elementlərindən birini təşkil edən qeyri-leqal işçilərin, muzdlu əməklə məşğul olanların üzə çıxarılması istiqamətində aparılan işlər nəticəsində xeyli müsbət nailiyyətlər əldə edilib. İstər vergilər nazirinin, istərsə də, əmək və əhalinin sosial müdafiəsi nazirinin açıqlamalarından, o cümlədən Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə görünür ki, təkcə xari il ərzində nə qədər sayda əmək müqavilələri təmin olunub, üzə çıxarılıb. Bu tendensiya artmaqda davam edir”.

P.Heydərov onu da vurğuladı ki, işsizliyin həqiqi səviyyəsini üzə çıxarmaq üçün qeyd etdiyim işlər və əldə olunan müsbət nəticələr məlumdur:

"Əmək bazarının tam aşkara çıxarılması üçün atılan addımlar tam uğur qazanarsa, o zaman biz işsizliyin tam uçotunu apara bilərik. Statistika Komitəsinin söylədiyi rəqəm tam olaraq o zaman reallığı əks etdirə bilər”.

Ekspertin sözlərinə görə, kölgə iqtisadiyyatına qarşı atılan addımlar həm də əmək bazarının öyrənilməsi, real vəziyyətin üzə çıxarılması baxımından müsbətdir: "Bu həm də elə bir məsələdir ki, burada qısa müddət ərzində hansısa nəticəyə nail olmaq çətindir. Çox qısa müddətdə biz bu sahədə müsbət nəticələrə nail olacağımızı düşünə bilmərik. Real olaraq mümkün deyil. Hökumət kölgə iqtisadiyyatına qarşı mübarizə aparır, gizli məşğulluğun üzə çıxarılması üçün addımlar atır. Bu addımlar bir qədər də ciddi və davamlı atılarsa, o zaman biz real işsizlik səviyyəsini müəyyən edə bilərik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->