İstanbulun Bağçılar rayonu ərazisində Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, parkın ərazisində ermənilərin törətdiyi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə abidə ucaldılıb. İstanbul metropol bələdiyyəsi, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu və Bağçılar bələdyyəsinin əməkdaşlığı və birgə fəaliyyəti nəticəsində açılan parkın ərazisi 0.33 hektardır.
Azərbaycan Dostluq Parkının açılması və Xocalı abidəsinin ucaldılması münasibəti ilə keçirilən mərasimdə çıxış edən Bağçılar bələdiyyə başqanı Lokman Çağrıcı abidənin təkcə Xocalı şəhidlərinin deyil, Türkiyə və Azərbaycanda həyatını itirən bütün şəhidlərin xatirəsini əbidləşdirdiyini vurğulayıb.
İstanbul metropol bələdiyyəsinin başqanı Mevlüt Uysal açılış mərasimindəki çıxışında Azərbaycanın Türkiyə üçün təkcə strateji dost və qardaş ölkə deyil, tale ölkəsi olduğunu deyib: ”Azərbaycan - bizimlə eyni coğrafiya deməkdir. Bölgədə cərəyan edən proseslər liderlərimizi və ölkələrimizi daha sıx əməkdaşlığa sövq edir. Xocalı abidəsi tarixi şüuru yaşatmaq və canlı saxlamaq məqsədi daşıyır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, Qarabağ məsələsində biz də ən azı onlar qədər kədərlənir, əziz Vətən torpaqlarının işğaldan azad edilməsini istəyirik”.
Mərasimdə çıxış edən İstanbul valisi Vasip Şahin "Xocalı abidəsinin İstanbulun Bağçılar bölgəsində ucaldılmasından təbii bir şey ola bilməz”- deyib.
Azərbaycan Dostluq Parkının açılışı və Xocalı abidəsinin ucaldılması mərasiminin açılışında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə -Azərbaycan münasibətlərində maraq birliyinin durmadığını, iki ölkə arasındakı dostluğun-qardaşlığın təməlində tale birliyinin durduğunu vurğulayıb: "Əminəm ki, burada salınmış Türkiyə-Azərbaycan Dostluq Parkı gələcək nəsilləri də bir-birinə bağlayacaq və buraya gələn insanlara qardaşlığın əbədi olduğunu xatırladacaq”.
Əli Həsənov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl dediyi "Azərbaycanın yaşanan bu faciənin közü bizim də ürəyimizi odlayır”- sözlərini xatırladıb. "Biz türklər dünyada qan axıdılmasını istəmirik, biz dünyada qan axıdılmasının dayandırılmasını istəyirik. Burada ucaldılan Xocalı abidəsi də insanlara sülh, barışıq aşılyacaq. İstanbul meqapolisdir, buraya 100 milyonlarla insan gəlir. Onlar gəlib burada bizim etdiyimizin mahyyətini anlayaraq türklərin nə qədər ulu, mötədil, nə qədər multikultural xalq olduğunu öz gözləriylə görəcəklər”- sözləri ilə çıxışını davam etdirən Əli Həsənov, imperializmin əməllərinə xidmət məqsədiylə ermənilərdən son 200 ildə necə istifadə edilməsinə və imperializmin o planları çərçivəsində türklərin öz tarixi yurdlarından didərgin salınmasına, ermənilərin həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinə dair faktlar sadalayıb.
"Nədən Türkiyəyə qarşı böhtan xarakterli qərarlar qəbul edən ölkələr 200 ildən çoxdur ki biz türklərə qarşı yapılan soyqırımlara və qətliamlara qiymət vermirlər?”- sualı ilə çıxışına davam edən Əli Həsənov, tarixi məsələləri obyektiv şəkildə araşdırmaq üçün dünya dövlətlərini öz arxivlərini açmağa çağıraraq, "Bizə dost kimi gələn- dost kimi qarşılanacaq, düşmən kimi gələn-düşmən kimi öz cavabını alacaq”- deyə vurğulayıb.
Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dostluq Parkının lent kəsmə mərasimi olub. Daha sonra Əli Həsənov, Mevlüt Uysal və Vasip Şahin Azrbaycan Dostluq Parkında ucaldılan Xocalı abidəsini açıb və parkda ağac əkiblər.
Şərhlər