Xəbər lenti

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı (FOTOLAR)
Foto 19:54 24.02.2018

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı (FOTOLAR)

Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar çərçivəsində Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə start verilib. "İslahatçı Gənclər” İctimai Birliyinin artıq altı ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına qoşularaq təşkil etdiyi həftəlik çərçivəsində ilk anma konfransı dövlət rəsmiləri, millət vəkilləri, media və QHT rəhbərlərinin iştirakı ilə İstanbul Yeni Yüzyıl Universitetində baş tutub.

Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Xocalı soyqrımı XX əsrdə baş verən dəhşətli bir insanlıq cinayətidir. F.Şahbazlı qeyd edib ki, 26 il öncə Xocalıda erməni silahlı dəstələri 366-cı motoatıcı alayın dəstəyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri dəhşətli formada qətl edib: "Hadisələrin üstündən 26 il keçməsinə baxmayaraq Xocalıda əli günahsız insanların qanına batan şəxslər, xüsusilə də Ermənistanın indiki prezidenti Serj Sarkisyan hüquq qarşısında cavab verməyib və dünya buna hələ də göz yumur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyrqımı dəhşətlərinin dünyada təbliği istiqamətində mühüm işlər görülür. İstanbulda universitetlərdə keçirdiyimiz bu tədbirlərin əsas məqsədi Xocalıda yaşanan dəhşəti qardaş ölkə Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək, yetişməkdə olan türk gəncliyini Türk dünyasının ortaq kədəri olan bu qətliam haqqında məlumatlandırmaqdır”.

Anma konfrasında çıxış edən Türkiyənin Müdafiə nazirinin müavini Şuay Alpay bildirib ki, Xocalıda yaşanan qətliam yalnız azərbaycanlıları deyil, bütün dünyanı narahat etməli olan hadisədir. Nazir müavini qeyd edib ki, bu hadisə türklüyə qarşı edilən bir soyqrımdır: "Bugün Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal edilib. Xocalıda qətliam törədən ermənilər dərhal Azərbaycan torpaqlarını boşaltmalıdırlar. Biz iki ayrı dövlət olsaq da, bir millətik. Türkiyə hər zaman Azərbaycanın haqq işinin yanındadır. Xocalıda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

Konfransda daha sonra çıxış edən Yeni Yüzyıl Universitetin rektoru, professor, Yaşar Hacısalihoğlu, Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev, Şimali Kipr Türk Respublikasının vitse-spikeri Zorlu Töre, Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Suat Önal, Makedoniya parlamentinin deputatı Enes İbrahim, hüquq müdafiəçisi Əhməd Şahidov, Türkiyə Elm və Texnika Dərnəyinin sədri İsmayıl Haqqı Şənər, Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyinin sədri Latif Akça, keçmiş deputat Əlövsət Ağalarov, Makedoniya Azlıqları Qoruma Dövlət Agentliyinin rəhbəri İlhan Rahman Xocalıda yaşananların bir insanlıq cinayəti olduğunu, bu soyqrımı törədənlərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsi üçün səylərin daha da artırılmasının zəruriliyinə diqqət çəkiblər.

Konfransda eyni zamanda hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu çıxış edərək atasının girovluqdan azad olunması naminə Azərbaycan dövlətinin atdığı mühüm addımlar haqqında məlumat verib. O, eyni zamanda atasının azad olunması işində qardaş ölkə Türkiyədən də dəstək gözlədiklərini qeyd edib.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Xocalıda yaşanan dəhşətləri, eyni zamanda gəncliyimizin mübarizə əzmini musiqinin, sənətin dili ilə tərənnüm edən kompazisiya ilə çıxış ediblər. Kompazisiya konfrans iştirakçıları arasında böyük reaksiya doğurub.

Qeyd edək ki, İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə "Palmali” Şirkətlər Qrupu, "AAF Holdinq” MMC təşkilatı dəstək verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->