Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır...
Qəribə davranışı, özəl mədəniyyəti, nadir təfəkkürü ilə seçilir. "Allah” sözü dilindən düşmür. Tez-tez söylədiyi "şükür” kəlməsi hər dəfə eşitdiyimiz bayağı "şükür”lərdən çox fərqlənir. Ürəkdən gəldiyi, təbii olduğu, İlahi eşqdən qaynaqlandığı gözləridən görünür. Niyyəti o qədər gözəldir ki, əməllərində öz əksini tapıb...
...Atası Namiq Axundov indiki Bakı Musiqi Akademiyasını bitirib. Lənkəran 1 nömrəli Musiqi məktəbinin yaradıcılarından biri idi. 1986-cı ildə vəfat edənədək, otuz ilə yaxın həmin məktəbdə tar müəllimi işləyib. Anası Tamella xanım ixtisasca mühasib olsa da, daha çox bədii yaradıcılıqla məşğul olub, şeir yazıb. Hazırda 71 yaşı var...
Haqqında söhbət açdığım Natiq Axund 1975-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini həmin şəhərdə başa vurub. 1994-cü ildə Lənkəran Dövlət Universitetinə qəbul olunub. 1998-ci ildə oranı bitirərək tarix müəllimi ixtisasına yiyələnib. Sonra dörd il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsində təhsilini davam etdirib. Kinorejissor Eldar Quliyevin tələbəsi olub.
Lənkəranda tələbə ikən ölkədə tanınmış şən və hazırcavablar klubu, "Lumu" komandasına bir müddət kapitanlıq edib. 1998-ci ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə təcrübəsi var. Bu illər ərzində rəhbəri olduğu şirkətin istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüsser, aktyor kimi fəaliyyət göstərib. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olub, diplom və mükafatlara layiq görülüb. 2018-ci ilin fevralından İstanbulda yaşayır...
…Natiqin üç övaladı var. Böyük qızı Rüqayyə 11, oğlu Əbülfəz 9, ikinci qızı Əsmənur 7 yaşındadırlar…
Deyir ki, "Yalana nifrət edirəm. Riyakar adamlar gözümün düşmənidir, çalışıram ki, onlardan uzaq olum. Heyif ki, onlar günbəgün çoxalırlar. Hər yerdə, hər kollektivdə onlara rast gəlmək olur”…
Harada qərar tutmasından, millətindən asılı olmayaraq ən yaxşı insanlar sülhü təbliğ edən, xeyirxah olmağı aşılayan, bəşəriyyəti Tanrı buyurduğu kimi yaşamağa səsləyən kəslərdir. Bəli, Türkiyədə yaşayıb yaradan rejissor Natiq Axund məhz belə insanlardandır. Onun ərsəyə gətirdiyi hər bir qısametrajlı filim ibrət dərsi, haqqa-ədalətə, insanlığa çağırışdır. Bu filmlərin milyonlarla tamaşaçısı var. Onun "Ramazan payı” filmi bir neçə dilə tərcümə olunaraq müxtəlif ölkələrdə nümaiş etdirilib. Ümumiyyətlə Natiqin təqdim etdiyi qısametrajlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun ərsəyə gətirdiyi ibrətamiz filmlər bu gün Türkiyə televiziya məkanında davamlı olaraq yayımlanır. Bundan əlavə həmin filmlər "YouTube”-nin "Natik Ahunt” və eləcə də "Facebook”-un "Natiq Axund” səhifələrində də yerləşdirilib...
Bütün yaradıcı insanlar kimi, o da təkliyi xoşlayır. Bədii kitabları mütaliə etməkdən yorulmur. Teatr tamaşalarından zövq alır. Öz üzərində işləməyi bacarır. İnkişaf etmək, daha böyük işlər görmək onun başlıca amalıdır. Azərbaycanı çox sevir. "Türklər qardaş xalq olsalar da, bizi yaxşı tanısalar da çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim. Çünki azərbaycanlılar türk xalqları arasında istedadı, uğurları ilə həmişə öndə olublar”- söyləyir...
Elman Eldaroğlu
Şərhlər