Xəbər lenti

İstirahətə gedərkən bu kitabları da götürün - SORĞU
Sənət 15:00 29.06.2016

İstirahətə gedərkən bu kitabları da götürün - SORĞU

Havalar isindikcə insanlar xaricə və ölkə daxili turizm bölgələrinə istirahətə yollanır. Hər kəsin istirahət zövqləri müxtəlifdir. Kimisi əyləncədən, kimisi gəzintidən, kimisi də sakit bir yerdə maraqlı kitab oxumaqdan zövq alır. 

İstirahətə gedənlər arasında kitab götürən və oxumağa meyilli insanlar az deyil. Amma bəzən qısa vaxt ərzində hansı kitablardan yararlanmaq üçün insanlar seçim qarşısında qalır. 

Məsələ ilə bağlı Qaynarinfo.az ölkənin tanınmış ədəbiyyat adamları arasında sorğu keçirib. 

Aqşin Yenisey: "Açığı insanlar istirahətə getdiyi zaman öz zövqlərinə uyğun kitablar götürür. Kiməsə nəyisə məsləhət görmək doğru deyil. Kim zövqünə uyğun oan hansı kitabı oxumaq istəyirsə, oxusun. Mən deyə bilərəm ki, Milan Kunderanın hansısa əsərini oxu. Bəlkə həmin insan onu oxuyanda əsəbləşir. Belədə onun istirahətini korlamış olarıq. Mən yalnız bir məsləhət verərəm. Hər insan öz düşüncəsinə görə istirahətini və oxuduğu kitabları müəyyənləşdirsin. Bəzən dar düşüncəli adama çox mütərəqqi bir kitabı təqdim etməklə, mütərəqqiliyə olan münasibəti əyriliyə doğru dəyişmək olur. Məsələn, çox dindar adama aydın düşüncəli kitab, azad həyat haqqında kitab verəndə, onlar oxuyub iki qat mühafizəkar fikirlərə qapılırlar. Ona görə də seçimi insanların öz öhdəsinə buraxaq".

Rəbiqə Nazimqızı: "Mən sonuncu dəfə səyahətdə olanda "Yüz ilin tənhalığı" romanını aparmışdım. Ümumiyyətlə məsləhət görüləsi çox kitab, yazıçı var. Məsələn, Remarkın, Tolstoyun əsərləri, Viktor Hüqonun "Səfillər"i və s. sevimli müəlliflərin kitablarını oxumağı məsləhət görərdim".

Elnur Aslanbəyli: "Əsas odur ki, insanlar istirahətə gedəndə kitab götürsünlər, hansını götürmək önəmli deyil. Mən dünya ədəbiyyatından "Don Kixot", "Quliverin Səyahəti", "Madam Bovary", "Kerri Bacı", Mario Varqas Lyosanın “Keçilərin şənliyi"nə qədər bütün əsərləri məsləhət görürəm. Xüsusən də Azərbaycan cəmiyyətinin bu günki halını, ovqatını əks etdirən əsərlərin hər birini oxumağı tövsiyə edərdim. İstirahətdə ayıq başla Oruelin "1984"nü və bu tipli əsərlər oxunsa, daha yaxşı olar. O əsərlər ki, orda Azərbaycan cəmiyyətinin bugünki ictimai-siyasi bəlaları ilə bağlı müəyyən kodlar şifrələr var. Bu qəbildən olan əsərlər oxumağı tövsiyə edərdim".

Şərif Ağayarın isə istirahət zamanı oxumaq istəyənlərə məsləhət gördüyü kitablar bunlardır: Herman Hesse "Siddharta", Nabokov "Lolita" Selincer "9 hekayə", Folkner. "Hay küy və hissət" , Con Steynbek. "Siçanlar və adamlar", Orxan Pamuk "Mənim adım qırmızı", Buzzatti. "Tatar çölü".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->