Xəbər lenti

İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək və avtomatik dayanacaq
Dünya 23:01 16.07.2025

İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək və avtomatik dayanacaq

İtaliyada "Roma – Neapol” yüksək sürətli dəmir yolu xəttində ölkədə ilk dəfə olaraq zəlzələlər haqqında erkən xəbərdarlıq sistemi (EWS) quraşdırılıb. Bu sistem xüsusi sensorlar vasitəsilə zəlzələləri aşkar edir və qatarları avtomatik olaraq dayandırır.

Qaynarinfo xəbər verir ki, "Euronews Travel”in yazdığına görə, bu layihə çərçivəsində İtaliya dəmir yolları Yaponiyanın uzunillik zəlzələ idarəetmə təcrübəsindən bəhrələnib.

Sistem necə işləyir?

Yeni erkən xəbərdarlıq sistemi bir neçə inteqrasiya olunmuş texnologiyanın sinxron işi əsasında qurulub və zəlzələ zamanı operativ reaksiya imkanı yaradır.

Xətt boyunca yerləşdirilmiş akselerometrik stansiyalar xüsusi sensorlarla ilk seysmik dalğaları (P-dalğaları) aşkar edir.
Bu məlumatlar real vaxtda yüksək sürətli optik-lif şəbəkəsi vasitəsilə mərkəzə ötürülür.
Sensorlar həm səthdə, həm də dərin quyularda yerləşdirilib ki, əhatə dairəsi maksimum olsun və reaksiya müddəti azalsın.

Ardınca müasir proqram təminatı daxil olan məlumatı dərhal analiz edir, təhlükənin səviyyəsini qiymətləndirir və təhlükəsizlik tədbirlərinin görülməli olduğu sahəni müəyyənləşdirir.

Əgər təhlükə həddi aşılırsa, sistem avtomatik olaraq dəmir yolunun siqnal avadanlığına təsir edərək qatarları yavaşladır və ya tam dayandırır.

Zəlzələ bitdikdən sonra RFI (İtaliyanın dəmir yolu infrastruktur operatoru) əməkdaşları xüsusi idarəetmə paneli vasitəsilə vəziyyəti yoxlayır və hərəkəti yalnız tam təhlükəsizlik təmin olunduqdan sonra bərpa edirlər.

Sistem artıq sınaqdan keçib

RailTech operatorunun məlumatına görə, bu sistem 3 may 2025-ci ildə istifadəyə verilib və artıq iki həftə ərzində maqnitudası 4,4 olan zəlzələ ilə sınaqdan keçirilib. Təhlükəsizlik məqsədilə "Roma – Neapol” xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Gələcəkdə bu texnologiyanın digər yüksək sürətli və adi dəmir yolu xətlərində, o cümlədən Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) ilə təchiz olunmuş sahələrdə də tətbiq edilməsi planlaşdırılır.

İtaliya zəlzələ və vulkan riski daşıyan regiondur

Xatırladaq ki, İtaliya seysmik cəhətdən fəal zonada yerləşir. Ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir. Xüsusilə Neapol ətrafı bölgələr risk altındadır – burada yerləşən Vezuvi vulkanının 79-cu ildəki püskürməsi nəticəsində Pompeylər şəhəri tamamilə məhv olub.

Bundan əlavə, Siciliya adasında yerləşən Etna vulkanının fəaliyyəti də mütəmadi olaraq narahatlıq yaradır. Son iri püskürmə 2025-ci ilin iyun ayının əvvəlində baş verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->