Xəbər lenti

İtaliyadakı supervulkanda təhlükəli hərəkətlilik: Alimlərdən
Dünya 18:00 29.05.2025

İtaliyadakı supervulkanda təhlükəli hərəkətlilik: Alimlərdən "qlobal xaos" xəbərdarlığı

İtaliyada, Neapol yaxınlığında yerləşən Campi Flegrei supervulkanı ətrafında baş verən çoxsaylı güclü zəlzələlər elm adamlarını narahat etməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər yaxın gələcəkdə milyonlarla insanı təsir edə biləcək çox böyük bir vulkan püskürməsinin baş verə biləcəyi barədə xəbərdarlıqlarını artırıblar.

Son günlərdə Phlegraean düzənliyində 4,4 bal gücündə zəlzələ qeydə alınıb ki, bu da bölgədə son 40 ilin ən güclü zəlzələsi hesab olunur. Alimlər son altı ay ərzində bölgədə 3 minə yaxın irili-xırdalı yeraltı təkanın qeydə alındığını bildirirlər. Bu, bölgənin normal seysmik aktivliyindən qat-qat artıqdır. Onların fikrincə, belə artım çox vaxt yeraltı təzyiqin yığılması və bu səbəbdən baş verən püskürmələrin xəbərçisidir.

Kiçik zəlzələlər vulkanın maqma kamerasını örtən qayaları zəiflədir və bu da yerin altındakı axıcı maddələrin səthə çıxmasını asanlaşdırır. Alimlər bu prosesi qapağı tam bağlanmayan bir fitli qazanın içindəki buxarın təzyiqi ilə partlamasına bənzədirlər.

Eyni zamanda, vulkandan çıxan qazlarda da ciddi artım müşahidə olunub. Campi Flegrei ətrafında karbon qazı emissiyalarının gündəlik 4.000-5.000 ton səviyyəsinə çatdığı açıqlanıb. Mütəxəssislər bu artımı magmanın səthə yaxınlaşmasının göstəricisi kimi dəyərləndirirlər.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, magma hazırda səthdən yalnız bir neçə kilometr dərinlikdə yerləşir. Bu isə püskürmə ehtimalını daha da artırır. Əgər təzyiq artmağa davam edərsə, ani bir püskürmə hər an baş verə bilər.

INGV-də fəaliyyət göstərən vulkanolog Kristofor Kilbern bildirib ki, maqmanın hərəkəti nəticəsində yaranan qaz emissiyaları ilə qayalarla təmas nəticəsində meydana gələn qazların fərqləndirilməsi son dərəcə vacibdir.

Neapol Universitetinin doktorantı Cianmarko Buononun araşdırmasına əsasən, Solfatar kraterindən çıxan karbon qazının 80%-i birbaşa maqmadan qaynaqlanır. Bu da magmanın səthə yaxınlaşdığını göstərən əsas əlamətlərdəndir. Qalan 20% isə qayalarla təmasdan yaranan isti mayelərlə bağlıdır.

Alimlər bu göstəriciləri – qaz çıxışı, torpaq səthindəki qalxmalar və zəlzələləri – izləyərək mümkün püskürməni proqnozlaşdırmağa çalışırlar. Maqma yüksəldikcə qazları səthə itələyir və bu da təzyiqin artmasına, son nəticədə isə çatların yaranaraq püskürməyə səbəb olmasına gətirib çıxara bilər.

Campi Flegrei – yəni "yanan tarlalar" – minillər əvvəl baş verən böyük püskürmə nəticəsində meydana gəlmiş nəhəng vulkanik kraterdir. Sonuncu püskürmə 1538-ci ildə qeydə alınıb. Vulkan nadir halda püskürsə də, hər bir neçə min ildə dağıdıcı partlayışlar baş verir. Son 20-30 ildə bölgədə aktivliyin artdığı müşahidə olunub.

2005-ci ildən bəri Campi Flegrei bölgəsində "bradiseizm" – torpağın çox yavaş şəkildə qalxıb enməsi prosesi baş verir. Bu, yeraltındakı maqma və qazların səthə təzyiq göstərməsi nəticəsində yaşanır. Məsələn, Neapol yaxınlığındakı Pozzuoli şəhəri bu dövrdə 143 santimetr yüksəlib.

Tədqiqatçılar bu vəziyyəti yerin səthinin şar kimi yavaş-yavaş şişməsinə bənzədirlər. Araşdırmalar göstərib ki, bu təzyiq qabığın elastikliyini aşaraq qırılmalara səbəb olur – bu isə çox zaman püskürmədən əvvəl baş verir. "Püskürmə ehtimalı yüksək olan mərhələyə keçid açıq şəkildə görünür", deyə alimlər bildirib.

Campi Flegrei supervulkanı Neapol və ətrafındakı 4 milyondan çox insan üçün ciddi təhlükə mənbəyidir. Püskürmə halında, lava axınları, kül buludları və sürətlə hərəkət edən isti qazlar geniş ərazidə dağıdıcı təsir göstərə bilər. Yollar bağlana, enerji və su təminatında fasilələr yarana bilər.

Mütəxəssislər qeyd edir ki, bu təhdidi yalnız yerli problem kimi görmək düzgün deyil. Təxminən 40 min il əvvəl Campi Flegreidə baş verən böyük püskürmə qlobal iqlim dəyişikliklərinə səbəb olmuşdu. Eyni miqyasda bir püskürmə bu gün yaşansa, onun təsiri bütün Avropaya və planetə yayılacaq.

Kül buludları uçuşlara mane ola, kənd təsərrüfatını məhv edə və günəş şüalarının qarşısını alaraq illərlə davam edən soyuq hava şəraitinə səbəb ola bilər. Bu da dünya üzrə ərzaq təchizatını təhlükəyə ata bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->