Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Akif Qurbanov Sulutəpədə dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, deputatlar, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Akif Qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü il 26 aprel tarixində Ağdam rayonu, Şotlanlı kəndi ərazisində itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Cümşüd Məmmədovla vida da mərasimi keçirilib. 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər. Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşinin qalıqları dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb. Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib.
Şərhlər