Gün ərzində tez-tez əllərində testləri, çiyinlərində kitab dolu çantalarıyla bu hazırlıqdan digər hazırlığa çatmağa çalışan təlaşlı, qayğılı abituriyentləri görürük.
Onların yaşları 16-17 olsa da, indidən gələcəkləri üçün mühüm qərarlar alır, sahib olmaq istədikləri peşələr üçün çalışırlar.
Ancaq təəssüflər olsun ki, hər abituriyent bu qərarı özü verə bilmir.
Çünki onların ya ixtisas seçimi haqqında kifayət qədər məlumatları olmur, özlərini harada görmək istədiklərini bilmirlər, ya da onların yerinə qərar verən valideynləri olur.
Düzdür, ixtisas seçimi günlərində abituriyentlər üçün "Abituriyent Məsləhət Mərkəz”ləri fəaliyyət göstərsə də, o zamana qədər bu barədə qərarsız qalanlar çoxdur.
Bəs bu istiqamətdə məktəblərdə abituriyentlər üçün məsləhət saatları təşkil edilsə, maarifləndirmə işləri aparılsa, necə olar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ümumiyyətlə, peşə seçimi və şagirdlərlə peşəyönümlü işlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarıyla tənzimlənir.
"Ümumtəhsil məktəblərində peşəyönümlü işlərin təşkilinə uyğun olaraq maarifləndirmə işləri, ekskursiyalar, peşə təmayüllü siniflər təşkil olunur”.
Mənfi tendensiyalar
Ekspert məsələylə bağlı beynəlxalq təcrübədən misallar çəkib, ölkəmizdəki vəziyyəti müqayisə edib, mənfi tendensiyaları açıqlayıb:
"Beynəlxalq təcrübədə 7-ci sinifdən başlayaraq ildə bir dəfədən az olmayaraq şagirdlər üçün peşə yönümlü testlər keçirilir, həmin testlərin nəticələri valideyn iclaslarında müzakirə olunur, valideynlərə övladlarının hansı sahələrdə bacarıqlı olduğuyla bağlı məlumatlar verilir. Uşaqlar həm valideyn, həm məktəb vasitəsilə həmin ixtisaslar üzrə istiqamətləndirilir.
Təəsüflər olsun ki, bizdə həmin testlər keçirilmir. Məktəblərdə sinif saatlarında müəllimlər, sinif rəhbərləri uşaqları ixtisaslar üzrə maarifləndirməklə onların bacarıqları üzrə yönəlməsinə çalışmalıdırlar. Amma bizdə belə deyil”.
Müsahibimiz vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin hazırdakı test, ixtisas seçimi mexanizmi Azərbaycan gəncinin arzuladığı ixtisas üzrə təhsil almasına imkan vermir.
Təbii ki, valideyn qərarına görə arzuları yarımçıq qalan gənclərimiz də az deyil.
Elşən Qafarov bu məsələylə bağlı da fikirlərini bildirib.
"Ən acınacaqlı hal isə budur ki, bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var. Valideynlər övladlarının daha rahat, qazanclı peşələr seçməsinə maraqlıdırlar. Ətraflarında hər hansı bir peşə üzrə tanınmış bir şəxs varsa, düşünürlər ki, övladı da həmin sahə üzrə təhsil almalıdır. Onlar inanırlar ki, övladları da həmin adam kimi olacaq, maddi təminatları da daha yaxşı olacaq”.
Həmsöhbətimiz sonda qeyd edib ki, valideyn tövsiyə verə bilər. Ancaq onun repetitor, kurs pulunu verir deyə, uşağı öz istədiyi sahə üzrə yönləndirməsi doğru yanaşma deyil.
"Hazırda bunun nəticələrini bizim gənclərimiz yaşayır”.
Şərhlər