Ölüm həmişə kədərlidir, çünki birdəfəlik gedişdir: səhifə çevrilir və geriyə daha yol qalmır, ta QİYAMƏTƏ qədər. O da bilinmir, həqiqətən olacaq, yoxsa insanlar özləri uydurublar bunu? Hər halda, digər dinləri bilmirəm, hər üç TƏK ALLAHLIQ dinində - iudaizmdə də, xristianlıqda da, islamda da, səhv etmirəmsə, QİYAMƏT haqqında xəbərdarlıq var.
O gün hamımız min illərin, bəlkə də milyon illərin yuxusundan ayılacaq və dirikən Yer üzündəki əməllərimizə görə CƏNNƏTLƏ CƏHƏNNƏM arasında paylaşdırılacağıq: kimi cənnətə - ƏBƏDİ KEFƏ, kimsə, əksinə cəhənnəmə, QIR QAZANINA yollanacaq.
Lap nağıla bənzəyir, deyilmi? Amma bu, nağılın hələ hamısı deyil. Deyəsən, o vaxt yalnız xaçpərəstlərin işi asan olacaq - İsa peyğəmbər onların günahını öz ölümü ilə yuyub, onlara görə çarmıxa çəkilib...
Bəli, ən azı üç böyük KİTAB belə deyir. Amma məni həmişə bir sual düşündürüb: Cənnət varsa, niyə heç kim ölmək istəmir? Bəlkə ən dindar, əməli-saleh insanlar belə Cənnətə düşəcəklərinə əmin deyillər?..
Bilmirəm, ona görə ki, hələ bu vaxta qədər oralardan bir xəbər-soraq gətirən olmayıb ki, biz də işimizi bilək.
Üstəlik, deyəsən, cənnət-cəhənnəm məsələsi yalnız qiyamətdə bilinəcək, o vaxta qədər hamımızı müvvəqqəti "sığınacaq”larda yerləşdirəcəklər və bəlkə bu sığınacaqlar elə soyuq torpaq məzarlar olacaq, hansını ki, düşünəndə şəxsən mən möhkəm üşüyürəm və yadıma rəhmətlik Vaqif Səmədoğlunun (Moskvada tələbəlik vaxtı rus dilində kitabını almışdım, bir şeiri yamanca tutmuşdu məni!) bir misrası düşür: "Öləndə isti geyindirərsiniz məni”...
Nə isə! Bilirəm, oxucu deyəcək ki, səhərçağı bu nə "elegiya”dır, mərsiyədir? Bunların işi-gücü yoxdurmu, yoxsa işləri elə insanların səhər-səhər qanını qaraltmaqdır?
Nə qədər qəribə olsa da, hər ikisi doğrudur. Hazırda jurnalistlərin elə həqiqətən də əməlli-başlı işi yoxdur, hətta olanda belə onların missiyası vaxtilə sovet-eston filosofu Qustav Naan demişkən (düzdür, o, ziyalılar haqda demişdi!), insanlara həm də bəd xəbərlər, proqnozlar və fikirlər çatdırmaqdır - ağlınız bizim televiziyalara getməsin, axı real həyatda hər gün toy-bayram, vur-çatdasın olmur...
Amma bu gün belə məqsədim yoxdur. Bir-iki pessimist cümləni də ona görə yazdım ki, ötən həftə eks-prezident Cimmi Karterin ölüm xəbərini və buna görə yanvarın 9-da ABŞ-da matəm elan olunduğunu eşitdim.
Sizə demək istədiyimsə bu idi ki, ölüm həmişə kədərlidir və ABŞ prezidenti Karter 101 yaşında dünyasını dəyişsə də, yenə də onun ölümünə kədərlənənlər var, özü də təkcə ABŞ-da yox. Məhz buna görə yazmaq istədim ki, heç bir matəmə-filana ehtiyac yoxdur. Ona görə ki, kaş, hamımıza bu qədər uzun və mənalı həyat yaşamaq qismət olaydı...
Həm də düşünürəm ki, yaxşı insanlar, həqiqətən böyük adamlar dünyasını dəyişərkən onlara sonuncu dəfə sadəcə, təzim etmək kifayətdir - bəli, ehtiram və sevgi əlaməti olaraq...
Karter həyatda çox fəal insan olmuşdu. Əvvəlcə onu deyim ki, bu adam 101 illik ömrünün cəmi dörd ilini prezident olub, amma insanlar hələ də ona da "cənab prezident” deyir və "cənab prezident” kimi yola salır.
Burada müqayisə üçün deyim ki, bu il Belarus prezidenti Aleksandr Lukaşenko da düz yeddinci dəfə prezident olmağa hazırlaşır! Uğurlu olsun, Allah köməyini əsirgəməsin...
Rusların məşhur məsəli vardı: "Toyuq quş deyil, Monqolstan xaric!” – bəli, əgər, səhv etmirəmsə, belə deyirdilər. Ona görə də Lukaşenko lap yeddi dəfə prezident təyin edilsə də, özünü yenə də bunun nə olduğunu bilməyəcək, ikicə sözdə - "cənab prezident” sözlərində ifadə olunan ehtiramı və hörməti heç bir vaxt hiss etməyəcək.
O ki qaldı Karterə, o, mənin yadımda daha çox "insan haqları diplomatiyası” sözlərilə qalıb. Karter insan haqlarını az qala diplomatik münasibətlərin ən əsas elementlərindən birinə çevirmişdi. Düzdür, insanlar hər şeyi bəsitləşdirməyi, hətta gözdən salmağı sevirlər, çünki DAĞLARI DAHA ÇOX ALPİNİSTLƏR SEVİR, insanların böyük əksəriyyəti üçün elə TƏPƏCİKLƏR də bəs edir...
Bir az haşiyə olsa da deyim ki, şəxsən məni otuz ildən çoxdur belə öldürürlər: mən bunlara DAĞLARDAN danışıram, bunlar isə mənim qarşıma TƏPƏCİKLƏRİ çıxarırlar və həm də deyirlər: bizə DAĞLAR lazım deyil, özümüzün TƏPƏCİKLƏRİMİZ var! Nə deyirəm, olsun, necə deyərlər: qalsın QİYAMƏTƏ...
Qərəz, soyuq müharibədəki qələbənin ardınca gələn romantik-eyforik illər çəkiləndən sonra bəziləri qayıtdı ki, guya elə insan haqları da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir aləti imiş ki, bununla SSRİ-ni dağıtsın, başqa ölkələrin daxili işlərinə müdaxilə etsin! Belədirmi?..
Bu sətirləri yazmazdan öncə C.Karter haqqında internetdəki məlumatlara bir daha baxdım. Yox, bu adam siyasi fəaliyyətini insan haqları uğrunda mübariz kimi başlayıb və hətta qaradərili amerikalıların hüquqlarını müdafiə edib! Odur, təəccüblü deyil ki, böyük siyasətə kart-blanş alandan sonra insan haqlarını böyük siyasətə və diplomatiyaya gətirdi...
İndi buna da xor baxanlar az deyil. Hərə bir söz deyir. Amma 21-ci əsri bilmirəm, ötən əsrin ən böyük nailiyyətlərindən biri bu idi ki, hamı insan haqlarının UNİVERSALLIĞINI, ALİLİYİNİ qəbul etməyə başlamışdı və daha çox insan, daha çox siyasətçi dərk etməyə başlamışdı ki, insan haqları heç bir dövlətin DAXİLİ İŞİ deyil, yəni heç kimə icazə verilmir ki, insanlarla əşyaları, şəxsi mülkiyyəti kimi davransın...
İndi sanki əks proses gedir dünyada. Suverenlik və müstəqillik pərdəsi altında gizlənən irili-xırdalı diktatorların, həmişə dediyim kimi, formaca "böyük”, vəzncə kiçik, bəli, böyük iddialarda bulunan siyasi liliputların sayı günbəgün artır, həm də ona görə ki, ABŞ-ın və eləcə də digər demokratik ölklərin siyasətində və diplomatiyasında adi geosiyasi və geoiqtisadi maraqlar insan haqları və demokratiya kimi anlayışları arxa plana keçirib.
Yanvar ayında Donald Tramp prezident kimi növbəti fəaliyyətinə başlayacaq. Bu adama heç zarafatla olsa da, demokrat demək olarmı? Bu adamın dilindən bircə dəfə olsun, demokratiya və insan haqları ifadələri çıxıbmı? Bircə dəfə deyibmi ki, insan haqlarını və demokratiyanı pozan ölkələrə və onların liliput diktatorlarına qarşı təzyiqləri artıracam?
Yox, demir və deyə də bilməz, çünki ürəyində çinli Si və rus Putin kimi avtoritar liderlərə həsəd aparır, bəlkə əzab çəkir ki, axı o, niyə belə asan yolla on illərlə hakimiyyətdə qala bilmir?
Qərəz, qayıdaq Karterə. Amerikanın siyasi tarixi üsrə mütəxəssis deyiləm, bəlkə Karterin də ən azı bir prezident kimi çox böyük səhvləri, hətta qələtləri olub. Amma qandığım budur ki, Karterlə birlikdə böyük SİYASİ EPOXA gedir bu Dünyadan! Bu 21-ci əsrdə insanlar nələrdən danışmırlar, nələrdən dəm vurmurlar, amma İNSAN HAQLARINDAN və DEMOKRATİYADAN söz düşəndə az qala, mağara insanları kimi acıqlı-acıqlı nərildəyirlər, ən yaxşı halda, bu cür söhbətlərə ironiya edir və dodaq büzürlər: nə insan haqları, axı nə demokratiya? Guya bunların hamısı MKİ-nin uydurmalıdırlar!
Hər dəfə bu cür "söhbətləri” eşidəndə qeyri-ixtiyari bir fikir keçir beynimdən: bəlkə elə İNSAN OLDUĞUMUZU da Mərkəzi Kəşfiyyat İdarəsi uydurubdur?
Nə isə. Bir daha deyirəm, Karterin siyasi fəaliyyətinin bütün detallarını bilmirəm, bəlkə onun da siyasi bioqrafiyasında hansısa "qara ləkələr” və ya səhifələr olub!
Amma bildiyim budur ki, bu adamın ardınca yaxşı söz deməyə dəyər, çünki dünyadan həqiqətən PREZİDENT köçdü – bəli, AMERİKABAŞI yox, əsl PREZİDENT...
Hüseynbala Səlimov
Şərhlər