Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, qəzaya texniki nasazlığı səbəb olub.
"Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub", qurumun rəsmi bəyanatında qeyd olunub.
Axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb. "Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", deyə açıqlamada bildirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə xidməti vəzifəsini yerinə yetirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 Türkiyə vətəndaşının şəhid olduğunu açıqlayıb. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, qəza nəticəsində 1 nəfər Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2 nəfər ASELSAN şirkətinin mütəxəssisi və 4 nəfər Qətər Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
Hadisə Qətər-Türkiyə Birgə Müştərək Qüvvələri Komandanlığı nəzdində təlim həyata keçirən zaman baş verib. Nazirliyin bildirdiyinə görə, dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində helikopterin qalıqları və şəhidlərin nəşləri aşkar edilərək sudan çıxarılıb.
Şərhlər