Əgər Macarıstanın baş naziri Viktor Orban hakimiyyətdə qalarsa, ölkənin yaxın illərdə Avropa İttifaqı büdcəsindən vəsait əldə etməsi xeyli çətinləşə bilər.
Qaynarinfo xəbər verir ki, "Nepszava" nəşrinin yazdığına görə, Aİ fondlarından ödənişlər daha sərt şərtlərlə bağlana və ya ümumiyyətlə dondurula bilər.
Məlumata görə, Budapeştin Ukrayna üçün nəzərdə tutulan iri kredit paketini bloklamasından sonra Brüssel və Berlində narazılıq kəskin artıb. Almaniya kansleri Fridrix Merts hətta Orbanı Aİ daxilində etimadı sarsıtmaqda ittiham edib.
Nəşr qeyd edir ki, Merts Aİ-nin yaxın zamanda başlayacaq uzunmüddətli büdcə danışıqları zamanı Macarıstana qarşı ciddi reaksiyanın mümkünlüyünə işarə edib. Almaniya ittifaqın ən böyük donorlarından biri kimi bu müzakirələrdə mühüm təsirə malikdir.
Kanslerin sözlərinə görə, Macarıstanın Aİ-yə sadiqliyi məsələsi büdcə müzakirələri zamanı yenidən qaldırılacaq. Bu isə o deməkdir ki, birləşmə və bərpa fondlarından vəsaitlərin ayrılması daha sərt şərtlərlə müşayiət oluna bilər. Budapeşt veto siyasətini davam etdirərsə, artıq dondurulmuş vəsaitlərin açılması ehtimalı minimuma enəcək və bu da iqtisadi qeyri-müəyyənliyi artıra bilər.
Avropa paytaxtlarında hesab edirlər ki, bu cür addımlar Aİ-nin vahid siyasi birlik kimi fəaliyyət qabiliyyətinə zərbə vurur. Mənbələrin bildirdiyinə görə, Budapeştə qarşı siyasi təzyiq variantları müzakirə olunur və bunlar ciddi maliyyə nəticələrinə səbəb ola bilər.
Almaniya rəhbərliyinin fikrincə, Macarıstanın addımı bir növ şantaj kimi qiymətləndirilir və birlik daxilində həmrəyliyi zəiflədir. Nəşr vurğulayır ki, Macarıstanın Aİ-yə qoşulmasından bəri Almaniya kansleri tərəfindən bu qədər sərt mövqe nümayiş etdirilməyib.
Macarıstanın Avropa vəsaitlərinə çıxışı ilə bağlı problem artıq bir neçə ildir davam edir. Brüssel hüququn aliliyi, məhkəmə sistemi və korrupsiyaya qarşı mübarizə sahəsində iradlara görə vəsaitlərin bir hissəsini dondurub. Aİ büdcəsinin qorunması mexanizmi çərçivəsində milyardlarla avro maliyyə dayandırılıb.
Avropa institutlarının qiymətləndirməsinə görə, söhbət on milyardlarla avrodan gedir və bu vəsaitlər yalnız tələb olunan islahatlar həyata keçirildikdən sonra açıq ola bilər.
Ekspertlər bildirir ki, Budapeşt ilə Brüssel arasında gərginliyin davam etməsi bu vəsaitlərin əldə olunmasını daha da çətinləşdirəcək. Siyasi qarşıdurma uzanarsa, Macarıstan Aİ maliyyə proqramlarına məhdud çıxışla kifayətlənməli olacaq.
Aydın
Şərhlər