Xəbər lenti

Kainatın sonu necə olacaq: Böyük donma, yoxsa böyük çöküş?
Dünya 13:44 15.06.2025

Kainatın sonu necə olacaq: Böyük donma, yoxsa böyük çöküş?

Kainatın necə sonlanacağına dair uzun illərdir qəbul edilmiş nəzəriyyələr dəyişməyə başlayır. 

Qaynarinfo xəbər verir ki, yeni aparılan araşdırmalar kainatın sonsuzadək genişlənmək əvəzinə, bir gün öz içinə çökərək başqa bir "Böyük partlayış” ilə yenidən başlayacağı ehtimalını gündəmə gətirir.

İllərdir kainatın dayanmadan genişləndiyi fikri ümumi elmi qəbul kimi dəyərləndirilirdi. Lakin son dövrdəki bəzi elmi tədqiqatlar bu baxışa alternativ nəzəriyyə təqdim edir. Artıq bəzi alimlər kainatın bir gün genişlənməni dayandıraraq öz içinə çökəcəyini və bunun nəticəsində yeni bir "Böyük partlayış"ın baş verə biləcəyini düşünürlər.

Bu məsələnin mərkəzində hələ də tam mahiyyəti aydın olmayan "qara enerji" adlı sirli qüvvə dayanır. Ceyms Uebb Kosmik Teleskopu kimi qabaqcıl texnologiyalar sayəsində kainatı daha dərindən müşahidə etsək də, qara enerjinin nə olduğu hələ də dəqiq şəkildə açıqlana bilməyib.

Alimlərin fikrincə, qara enerji kainatın taleyini müəyyən edən əsas amillərdən biridir. Burada iki mümkün ssenari mövcuddur: əgər qara enerji sabit qalarsa və kainat sonsuza qədər genişlənməyə davam edərsə, kainatın temperaturu getdikcə azalacaq və hər şey dayanıqlı, soyuq bir vəziyyətə keçəcək. Bu ssenari "böyük donma” adlandırılır.

Digər ehtimala görə isə, əgər qara enerji zamanla dəyişkənlik göstərirsə, onda hadisələrin gedişatı fərqli ola bilər. Bu halda kainat genişlənməni dayandırıb, öz içinə doğru yığılmağa başlaya bilər. Nəticədə sıxlığın və temperaturun artdığı, "təkillik” adlanan bir mərhələyə çatılır. Belə bir çöküş, yeni bir başlanğıcın - başqa bir "Böyük partlayış"ın xəbərçisi ola bilər.

Hazırda bu ssenarilərdən hansının reallaşacağını dəqiq söyləmək mümkün deyil. Kainat hələ də saysız-hesabsız sirrlərini qoruyur və qara enerjini anlamaq, onun sonunu müəyyənləşdirmək üçün həlledici əhəmiyyət daşıyır.

Araşdırmalar davam edir və kainatın gələcəyi, Günəşin taleyi kimi suallar elmi gündəmin əsas mövzularındandır. Yeni məlumatlar bəzi suallara cavab versə də, bir o qədər də yeni suallar doğurur. Kainatın sirri isə hələ də açılmağı gözləyir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->