Xəbər lenti

Kamran Ağayev:
Ölkə 22:47 19.09.2018

Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"

Qolkiper: "Mən 22 ildir futbol oynayıram və hələ də öyrənməyə çalışıram"

Millətlər Liqası artıq start verib. İlk dəfə təşkil olunan bu mötəbər yarışda Azərbaycan milli komandası da iştirak edir. Millimiz artıq Kosovo və Maltanın milli komandaları ilə qarşılaşıb. Hər iki oyunda hesab heç-heçə qeydə alınıb. Millimizin növbəti rəqibi Farer adalarının komandası olacaq. Bu dəfə də millimiz onlar ilə qarşılaşaraq ən güclünü müəyyən edəcək.

Komandamızın qolkiperi Kamran Ağayev Millətlər Liqası ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

— Millətlər Liqası ilk dəfədir keçirilir. Bu yarışın keçirilməsinin komandalar, eyni zamanda bizim milli komanda üçün nə kimi əhəmiyyəti var?

— Əhəmiyyəti, əvvəla daha çox oyun keçirmək və qələbə qazanmaqdır. Bugünkü futbol potensialımız böyük futbol komandaları ilə oynamaq üçün deyil. Nə qədər özümüzə güvənsək, özümüzə inamla çıxsaq da, potensialımız buna imkan vermir. Amma bu çempionat bizim üçün yaxşı şansdır. Nə qədər çox beynəlxalq oyun keçirsək, təcrübəmiz bir o qədər artır və daha yaxşı oynamaq imkanımız olur. Amma ümiddən düşmək olmaz. Xalqımız bizdən qələbə gözləyir. Var gücümüzlə qələbə qazanmaq üçün vuruşacağıq. Biz bu oyunlarda qabil gəlib, daha böyük oyunlara vəsiqə qazana bilərik.
 
— Farer adalarına qəlib gələ biləcəksiniz?

— Biz hər oyunda qələbə üçün çıxırıq. Hətta Malta və Kosovaya da qalib olmaq üçün çıxmışdıq. Hamı bizi qınayır. Biz də özümüz-özümüzü qınayırıq. Biz dəfələrlə oynayaraq qalib gəlmişik. Sadəcə həmin gün alınmadı. Amma əlimizdən gələni edirik ki, xalqımızı sevindirək.

— Məğlub olandan sonra sosial şəbəkələrdə sizi tənqid və təhqir edirlər. Buna münasibətiniz necə olur?

— Sosial şəbəkələr bizim üçün əhəmiyyətsizdir. Orada təhqir və tənqidin əksəriyyətini məktəbli uşaqlar yazır. Ona görə də fikir verməyə dəyməz. Bir futbolçu dostumuza bir nəfər tənqid yazıb ki, "niyə belə oynamısız". Komanda yoldaşımız da ona açıqlama verib. O, da deyib ki, "mənə futbolu öyrətmə, 7 ildir futbol oynayıram". Komanda yoldaşımız da ondan yaşını soruşub, oğlan cavabında "15 yaşım var" deyib.(gülür) Mən 22 ildir futbol oynayıram və hələ də öyrənməyə çalışıram. Futbolu bilən adam bizim necə futbol oynadığımızı bilir və dəyərləndirir. Bu idmandır, bəzən qələbə qazanırsan, bəzən məğlub olursan. Heç kim heç nədən sığortalanmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->