Siyasət 19:47 11.06.2013

Kanadada yaşayan vətəndaşlar səs verə bilməyəcəklər

İran vətəndaşları prezident seçkilərində 5 qitədə, 96 ölkədə, 128 nümayəndəlikdə səs verməklə iştirak edə biləcəklər.

APA-nın məlumatına görə, bunun üçün 290 səsvermə qutusu qoyulacaq. İran vətəndaşları səs verə bilmək üçün şəxsiyyətlərini təsdiqləyən pasportlarını təqdim etməlidirlər.

İran vətəndaşlarının ən çox yaşadığı ölkə olan ABŞ-da Nyu-York və Vaşinqton şəhərləri başda olmaqla cəmi 25 səsvermə məntəqəsi yaradılıb. Bundan əlavə, Avstraliyada 3, Böyük Britaniyada isə 1 səsvermə qutusundan istifadə ediləcək. Kanadada yaşayan İran vətəndaşları isə səs vermək hüququna malik ola bilməyəcəklər. Buna səbəb iki ölkə arasında münasibətlərin pis olmasından dolayı orada səsvermə məntəqəsinin yaradılmamasıdır. Türkiyədə yaşayan İran vətəndaşları Ankara, İstanbul, İzmir, Trabzon və Ərzurumdakı nümayəndəliklərdə də səs vermək hüququna malik ola biləcəklər. İran səsvermə zamanı Avropada yaşayan ölkə vətəndaşlarının təhlükəsizliyindən bu qitədəki ölkə rəhbərlərinin məsuliyyət daşıdığını açıqlayıb. Eyni zamanda xarici ölkələrdə yaşayan iranlılara səsvermə hüququndan istifadə etmək üçün sandıq başına getməzdən əvvəl İran Xarici İşlər Nazirliyinin internet saytını daxil olaraq məlumat almaq tövsiyə edilib.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək. Seçkiləri 39 ölkədən 421 jurnalist müşahidə edəcək. Artıq İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən qeydiyyata alınmış 8 nəfərdən 2-si prezidentliyə namizədliyini geri götürüb. Bunlardan biri mühafizəkarlar (Qulaməli Həddad Adil), digəri isə islahatçılar (Məhəmmədrza Arif) düşərgəsindəndir. Hazırda Məhəmmədbağır Qalibaf, Əli Əkbə Vilayəti, Səid Cəlili, Həsən Ruhani, Möhsün Rzayi və Məhəmməd Qərəzi mübarizəni davam etdirən prezidentliyə namizədlərdir.

Qaynar.info