Kanar adalarında olan turistlər və ekspatlar təhlükəli hava hadisəsi ilə bağlı xəbərdar edilib. Yeni araşdırmaya görə, məşhur arxipelaqda bu hadisə artıq ildə təxminən beş ay müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, "Express” nəşrinin məlumatına görə, söhbət Afrikanın Sahara səhrasından gələn sıx toz buludlarından – kalimadan gedir. Bu toz kütlələri Kanar adalarını ildə ən azı 146 gün əhatə edir.
İsveçrənin Pol Şerrer İnstitutu və İspaniyanın Ətraf Mühitin Diaqnostikası və Su Araşdırmaları İnstitutu (IDAEA-CSIC) tərəfindən aparılan araşdırmanın nəticələri göstərir ki, Afrikadan gələn toz fırtınaları Cənubi Avropada getdikcə daha tez-tez baş verir. Avropa İttifaqının sərt ekoloji standartları nəqliyyat və sənayedən yaranan yerli hava çirklənməsini əhəmiyyətli dərəcədə azaltsa da, səhradan gələn tozun miqdarı son on ildə 10-25 faiz artıb.
Tədqiqatçıların məlumatına görə, bu hadisədən ən çox Kanar adaları zərər çəkir. Kalima burada ilin təxminən 40 faizində müşahidə olunur.
Lakin problem yalnız arxipelaqla məhdudlaşmır. İspaniyanın materik hissəsinin cənubunda Sahara tozu ilin təxminən 35 faizində, ölkənin şimal-şərqində isə 25-30 faiz hallarda qeydə alınır.
Alimlər belə hadisələrin kəskin artmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Qlobal istiləşmə və istixana qazı tullantılarının artması Afrikada səhralaşma prosesini sürətləndirir və atmosfer dövranını dəyişir. Nəticədə tozla zəngin isti hava kütlələri Avropaya daha tez-tez daşınır.
Hava keyfiyyəti üzrə ekspertlər bildirirlər ki, 2020-2022-ci illərdə region müşahidələr tarixində ən güclü toz hadisələri olan misilsiz "superkalima” dövrləri yaşayıb.
Adətən toz fırtınaları zamanı PM10 bərk hissəciklərinin konsentrasiyası havanın hər kubmetrində 200-400 mikroqram təşkil edir. Lakin son ekstremal hadisələr zamanı bu göstərici 600-1840 mikroqrama qədər yüksəlib. Ən yüksək çirklənmə səviyyəsi Qran-Kanariya adasında qeydə alınıb.
Həkimlər xəbərdarlıq edirlər ki, Sahara tozunun yüksək konsentrasiyası həm yerli sakinlər, həm də turistlər üçün ciddi təhlükə yaradır. Araşdırmalar göstərir ki, belə toz fırtınaları xəstəxanaya müraciətlərin artması, həmçinin infarkt və tənəffüs sistemi xəstəlikləri nəticəsində ölüm hallarının çoxalması ilə əlaqəlidir.
Bundan əlavə, Kanar adaları Universitet Xəstəxanasının ("Hospital Universitario de Canarias”) araşdırması müəyyən edib ki, xəstəxanaya yerləşdirilməzdən əvvəl toza məruz qalan ürək çatışmazlığı olan xəstələrdə müalicənin nəticələri əhəmiyyətli dərəcədə daha pis olub.
Bununla əlaqədar olaraq həkimlər astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ya ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara İspaniyanın Dövlət Meteorologiya Agentliyinin (AEMET) hava proqnozlarını izləməyi və çölə çıxmazdan əvvəl vəziyyəti nəzərə almağı tövsiyə edirlər.
Sahara tozunun təsiri güclü öskürək, nəfəs almaqda çətinlik, döş qəfəsində narahatlıq yarada və tənəffüs yolu infeksiyalarının inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Qeyd edək ki, "Ademe” hesabatına əsasən, 2025-ci ildə ekoloji narahatlıq – iqlim dəyişiklikləri ilə bağlı qorxu – ən çox gənc nəsildə müşahidə olunub. Problem 15-24 yaş arası şəxslərin 33 faizini, 25-34 yaş arası şəxslərin isə 39 faizini əhatə edib.
Bu yaş qruplarında psixi sağlamlıq pozuntularının daha ağır formaları da daha çox qeydə alınıb. Belə ki, 15-24 yaşlıların 8 faizi, 25-34 yaşlıların isə 10 faizi "çox güclü ekoloji narahatlıq” hiss etdiyini bildirib. Bütün yaş qrupları üzrə bu göstərici isə 5 faiz təşkil edir.
2026-cı ildə isə son həftələr ərzində davam edən isti hava bəzi hallarda iqlim böhranı ilə bağlı bu narahatlığı daha da gücləndirib.
Aydın
Şərhlər