Xəbər lenti

İdman 19:08 10.07.2023

Kapitan uğursuzluqdan danışdı: “Çalışırdım, amma top qapıya girmirdi”

Çimərlik futbolu üzrə millimiz Bakıda keçirilən Dünya Çempionatında çıxışını bitirdi. Qrupda İtaliya, Moldova və Estoniya ilə mübarizə aparan komanda bu rəqiblərlə qarşılaşmalarda məğlub oldu. Sonda İsveçrə və Litva ilə qarşılaşan milli yarışda 13-cü pilləni tutmaqla kifayətləndi.

Komandanın kapitanı Sabir Allahquliyev Qaynarinfo-ya açıqlamasında millinin çıxışından danışıb, uğursuluğun səbəbləri haqda düşüncələrini bölüşüb.

"Moldovanı Polşada keçirilən olimpiadada məğlub etmişdik. Bəlkə də buna görə arxayınlıq oldu. Həm də Bakıda keçirilən Dünya Çempionatında ab-hava başqa idi, bir az sıxıntılar oldu. Bəlkə də bu səbəblərdən özümüzü göstərə bilmədik. Litvanı keçdik, İsveçrəni penaltilər seriyasında məğlub etdik”.

Allahquliyev millinin problemləri haqda suala belə cavab verdi:

"Yeni futbolçular gəncdir, hələlik, o gücdə deyillər. İlboyu məşq edib, hazırlıq görməlisən. İki ay hazılaşıb sonra yarışa qoşulub oynamaq olmur. Şəraitsizlik var. Klublar olmalıdır, məşqçi seçim qarşısında qalmalıdır. 5-6 komanda, çempionatımız olsa, oyunçu seçmək də asanlaşar. Birinci Liqadan, minifutboldan oyunçular gətirirlər. Çox çətindir. Düzdür, Estoniya və Moldovanı məğlub etməli idik. Amma o ölkələrin oyunçuları Çexiyada, Polşada digər yaxın olan Avropa ölkələrində oynayırlar. Zəif komanda da olsa gedirlər. Bizdə isə belə oyunçular bir neçə nəfərdir - Orxan Məmmədov, Elçin Qasımov, Comərd Baxşəliyev və mən. Türkiyə çempionatı olanda gedirik. Amid Nəzərov isə Asiya çempionatında oynayır. Digərlərini qınamalı deyil. Başqa işdə çalışırlar, Birinci Liqada oynayırlar, iki ay məşq edəndən sonra gedirlər. İsa Zeynallı MOİK-də oynayır. Fuad Hüseynov futzaldan gəlib. Kamran Qürbətov minifutboldan dəvət olunub. Uyğunlaşıblar deyəndə, komandanın içində daimi olmasalar, alınası iş deyil. Bir il məşq etməlidirlər ki, tam uyğunlaşsınlar. Görün neçə vaxtdır yoldaşlıq oyunları keçirmirdik. Hazırlığımız normal olmuşdu. Türkiyədə toplanış keçəndən sonra Olimpiadaya getdik. Orada səkkiz komanda arasına düşmək elə də asan deyildi. Yəni bizim üçün uğurlu nəticə sayılır. Oynaya-oynaya uşaqlar özlərinə gəldi. Son iki matçda Ukrayna və Moldovanı məğlub etdik. Daim oynamaq lazımdır. Bilirsiniz, bu qum üzərində oynanılan futboldur. Hər dəfə "ritmi” tutmaq olmur. İsveçrə Polşada çempion olmuşdu, gəldi Dünya Çempionatında uduzdu. Üstübağlı stadionumuz olmadığı üçün qışda çətinlik çəkirik. Məcburiyyətdən xalça üzərində çalışırıq. Xalça ilə qumda oynamaq isə tam fərqlidir”.

Maraqlıdır ki, hücumçu Bakıda keçirilən Dünya Çempionatında qol vura bilmədi. Səbəbini isə belə izah etdi:

"Bir az bəxtsizlik oldu. Qol vurmağa çalışırdım. Ancaq bir neçə qol ötürməsi verdim. Mövqeyim dəyişməyib, hücumda oynayıram. Sadəcə, bəxtsizliklə əlaqələndirərdim. Həmişə qol vurmuşam, komandanı arxamca aparmışam. Sadəcə, bu dəfə alınmadı. Polşada isə Moldovanın qapısına bir qol vurmuşdum. Çalışırdım, amma top qapıya girmirdi. İnşallah, növbəti yarışlarda daha çox qol vuraram”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->