Nazlı Ağayeva
Ölkə 10:36 08.04.2020

Karantin gündəliyi – Meşin əlcəklər (İkinci yazı)

Nazlı Ağayeva

Ötən illər heyif deyildi? Qrip mövsümündə gəldi-gəlmədi necə öskürürdünsə divarın o tərəfindəki yerindən dik atılırdı. Səhər üzləşəndə həmin qonşu "olmasın azar”, "özünü soyuğa vermə” kimi əzizləyici cümlələrlə könlünü alırdı. Və yaxud dükan-bazar, idarə-təşkilat kimi yerlərdə qəfil asqırıb hər kəsi babat silkələyirdin. Sonra izləyicilərə mənalı bir nəzər salıb dəsmal və yaxud salfetlə burnunu ovuşdura-ovuşdura ikinciyə hazırlaşırdın. Yəni, qüsura baxmayın, insanlıq halıdı. Onlar da nəinki qüsura baxmırdılar, əksinə xorla "sağlam ol” deyərək səni təqdir edirdilər. Qızdırma, təngnəfəslik barədə həkimə bəhs edib yazılan resseptlə gec-tez sağalırdın.

İndi bunların hansı baş versə, ətraf bir yana, özün-özünə şübhə ilə baxacaqsan. Yoluxmaqdan deyil, yoluxdura bilməkdən qorxacaqsan. Hər kəsin nəzəri özündən çox özgədə olduğu halda o özgənin biri olaraq nə yazacağımı bilmədiyim vaxtda gənclik hekayəmi tapdım. Kövrək və qüssəli olsa belə, yaşanan gözəl və mənalı günlərin xoş təsirindən çıxa bilmədim. Müxtəlif vaxtlarda işıq üzü görmüş yazının "xaltura” hesab ediləcəyini düşünmürəm. Çünki hamımızın məhz indi belə duyğulara ehtiyacı var...
O meşin əlcəkli hekayə...
– Rəfiqə xanım, əlcəkləriniz qaldı.
Getməyə hazırlaşanlar təzə işçinin səsinə anidən başlarını qaldırıb özlərini məşğul göstərməyə çalışdılar. Rəfiqə xanım çevrilib ona yaxınlaşan gənc qızın əlindəki əlcəklərə baxmadan qapıdan çıxdı. 
Yumşaq qarı doyunca hiss etsin deyə yolboyu yanından ötüb-keçən marşrut avtobuslarına, boş taksilərə fikir vermədi. Hansı ki, soyuq havalarda piyada gəzməyi çoxdan tərgitmişdi. Bu gün isə bir az əvvəl baş verən əlcək əhvalatı onu illərin o tayındakı qış gününə apardı...

*
...Kənddə iki həftəlik qış tətilində o qədər vaxtın necə keçdiyini bilməmişdi. Tələbəliyinin ikinci ili olsa da, hər dəfə evdən ayrılanda kövrəlirdi. Bu dəfə yola düşəndə ağlamayacağı barədə atasına söz vermişdi. Ağlamadı da. Əksinə, hər kəsdən gülə-gülə ayrılıb yük maşınının kabinəsində oturdu. Atası motoru bayaqdan qızdırdığına görə dərhal yola düşdülər. 

Atası adəti üzrə paytaxta çıxan avtobus yola düşənəcən gözləyəcəkdi. Rəfiqə üzünü şüşəyə yapışdırıb fikrə dalmışdı: "Burdan birbaşa meşəyə odun dalınca gedəcək, mişarla yıxdığı quru ağacları kuzova yığıb kəndə aparacaq. Kaş evdən kimisə götürəydi. Yayda daş yükləyəndə heç olmasa əlləri üşümür. Amma indi allah bilir meşədə nə qədər qar var...” Qarın içindəymiş kimi ayaqları üşüdü. Əyilib təzə, içi xəzli çəkmələrini yoxladı, bacısı axşamdan sobanın yanına necə qoymuşdusa eləcə qupquruydu. Ayaqlarına su keçməsin deyə çəkmələri atası alverçidən od qiymətinə almışdı, amma özü üç il idi ki, qışı nimdaş çəkmələrdə yola verirdi. Başını qaldırıb çölə baxanda atasını görmədi. Təlaşla ətrafa boylananda atası pəncərəyə yaxınlaşıb gülümsədi. Cibindən çıxartdığı iki əlliliyi onun ovcuna qoydu. Rəfiqə qəhərini güclə boğub dilləndi:
– Evin əskiklərini alarsan, mənim xərcliyimi axşamdan vermisən.
Atası həmişəki ötkəmliklə onun cavabını verib pəncərədən aralandı:   
– Sən bizi düşünmə. Özünə, dərslərinə fikir ver.
Avtobus tərpənəndə ağaca söykənib siqaretini tüstülədən atasına baxıb kövrəldi, tez də ağlamamaq barədə verdiyi sözü xatırlayıb özünü toxtatdı. Bir az uzaqlaşan kimi yanına yerləşən qız: – Əlcəklər kimindir? – deyə soruşdu.

Aman allah, atası bir az əvvəl ona pul verəndə əlcəklərini qoyub gedibmiş... Benzin, siqaret, odun-ağac qoxuyan əlcəkləri üzünə tutub səssizcə ağlamağa başladı. Onun bir azdan meşəyə çatıb əlcəkləri götürmək üçün kabinəni ələk-vələk edəcəyini düşündükcə ürəyi sıxılıb partlamaq dərəcəsinə gəldi. Qalın astarlı meşin əlcəklər isti saxlamaqla bərabər həm də atasının əllərini soyuq və sərt şeylərdən qoruyurdu. 
Tətildən on beş-on altı gün sonra dərsdən qayıdanda yataqxananın komendantı ona bir məktub verdi. Gələndən bəri ilk dəfə aldığı məktubu oxumaq üçün sevincək foyedə oturdu. Bacısının göz yaşlarıyla ləkələnmiş dəftər vərəqindəki sətirlər əvvəl boğazında düyünləndi, sonra məngənə kimi bütün vücudunu sıxmağa başladı. Daha sonra nələr baş verdiyindən xəbəri olmadı. Gözlərini açan kimi komendantın xırıltılı səsini eşitdi:

– Qızlara acığın tutmasın, məktubu mən oxutdurmuşam. Qəzada bütöv ayağını itirənlər olur (komendantın bir ayağı protez idi), sən şükür elə ki, atan o boyda hadisədən belə qurtarıb...

Dolabın üstündəki məktub bacısının ağlar gözləriylə yenidən ona baxırdı: "Atam səni ötürən gün əlcəkləri hardasa unudubmuş. Meşədə kəsdiyi ağac üstünə gələndə əlləri yalın olmasaydı, bəlkə özünü qoruya bilərmiş... Şükür edək ki, mişarın dişləri boğazına, ayağına keçməyib. Atam istəmir ki, sən biləsən. Uşaq fikirdən xəstələnər, dərsləri axsayar, deyir”. 

Bacısına və komendanta ünvanladığı səssiz suallar yanaqlarından süzülüb boğazına töküldü: – "Şükür edim ki, atam ikinci dəfə avtobusa qalxıb mənə pul verəndə unutduğu əlcəklərə görə yalnız bir əlinin barmaqlarını itirib?! Şükür edim ki, atam otuz illik vərdişlə əlini atıb daha açar fırlada, sükan çevirə bilməyəcək?! Mən isə atamın hələ neçə il tək əllə daşdan, ağacdan qopartdığı pulları burda heç nə olmamış kimi xərcləyib diplom alasıyam ki, qalan bütün ömrümü rahat yaşayım?!.” 

*

Evə çatan kimi kitab dolabının üst qatından balaca qutunu götürüb heysiz-heysiz divanda oturdu. Hər dəfə eyni sevgi və həyəcanla açdığı karton qutunun içindəki bir cüt köhnə əlcəyi dizinin üstünə qoyub ehmal-ehmal sığalladı. Boş əlcəklərin içindən işləməkdən bərkiyib yoğunlaşmış doğma barmaqların xoş qoxusu gəlirdi...