Kardinal Rişelyenin mirası, çirkinləşən siyasət: ali dəyərlərin parçalanması

Kardinal Rişelyenin mirası, çirkinləşən siyasət: ali dəyərlərin parçalanması

Ruslan Dost Əli
Beynəlxalq Əhməd Yasəvi Universiteti,
Beynəlxalq münasibətlər fakultəsinin məzunu

Manu qanunlarına görə diplomatiya müharibənin qarşısını almaq sənətidir...

Tarixin şahidlik etdiyi ən qanlı faciələrdən biri Ruanda soyqırmıdır. Yaxın tarixdə - 1994-cü ildə baş verən və yüz gün davam edən bu qeyri-bərabər savaşda bir milyona yaxın tutsi hutular tərəfindən vəhşicəsinə qətlə yetirildi. Silah-sursat qıtlığı olduğuna görə, hutular əllərinə keçən nə varsa - daş, bıçaq, balta və müxtəlif alətlərlə tutsiləri amasıca öldürürdülər. Pulu olan tutsilər mərmi pulu verib "rahat ölüm" alırdılar, pulu olmayanlar isə işgəncələrə məruz qalırdılar. Kilsələrdəki rahiblər, xəstəxanalardakı həkimlər əllərinə keçən tutsiləri cəlladlara təslim edirdilər.

Birinci və İkinci Dünya Müharibələrindən sonra ortaya atılan nəzəriyyələr, yaradılan təşkilatlar o dövrdə baş verən hadislərlə sıx bağlı idi. Belə bir dəhşətli olayın bir daha baş verməməsi üçün aparıcı Qərb dövlətlərində, ABŞ-da beynəlxalq mübasibətlərin nəzəri məsələləri əsaslı tədqiq olunmağa başlamışdı. Bugün dünya yeni müaharibələrin astanasındadır. Siyasi fırtınaların çalxalandırdığı dünyanı deyəsən, artıq nə Qərb dövlətləri, nə ABŞ, nə də başqaları xilas etmək iqtidarında deyil. 

Dünyanın dörd bir tərəfində baş verən özbaşınalıqların, qeyri-sabitliyin, insan təlafatlarının az qala hər keçən gün şahidi oluruq. İrimiqyaslı müharibələrə, fəlakətlərə yol aça biləcək siyasi və hərbi sıçrayışları müşahidə edirik. Əsas vəzifəsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması olan, münaqişələrin dinc yolla tənzimlənməsini təmin etmək missiyasını üzərinə götürən Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər bugün dünyada baş verən hadisələrə demək olar ki, biganə qalır. 

İki min ildən artıq tarixi olan, dünyanın ən önəmli və köklü mədəniyyətlərinə sahib Türküstan torpaqlarında bugün də türk-müsəlmanlar rahat yaşaya bilmirlər. 2009-cu ildə Çin höküməti bütün dünyanın gözü qarşısında böyük cinayət törətdi - Uyğur türklərini qətlə yetirdi. Çinin uyğurlara qarşı bu amansız siyasəti getdikcə daha sürətləndi və ənənəvi xaraket aldı. Son günlər sözügedən bölgədə baş verənləri xatırladıb, deyə bilərik ki, bugün bu siyasət artıq özünün ən dəhşətli formasını almışdır. 1876-cı ildən bəri Çin höküməti tərəfindən əzilən, müxtəlif işgəncələrə və təcavüzə məruz qalan, assimilyasiyaya uğrayan 35 milyon Uyğur türkünü ölümün cəngidən heç kim və heç nə xilas edə bilmir. Bütün hüquqları əllərindən alınmış, haqları tapdalanmış bu məzlumlar hələ də, BMT Təhlükəsizlik Şurasının maraq dairəsinə düşə bilməyib. Çinin "Təhsil mərkəzi" adı verdiyi, əslində isə "Çin işgəncəsi" kimi tanınan, 1 milyondan artıq Uyğur türkünün bulunduğu toplama düçərgələrində hər gün neçə nəfərin öldürüldüyü heç kimə məlum deyil. 
Ölkələrarası iqtisadi ziddiyətlər, diplomatik mübahisələr, ərazi iddiaları beynəlxalq münaqişələri yaradan əsas amillərdən bir neçəsidir. İqtisadi ziddiyətlər və diplomatik mübahisələr əksər hallarda lokal mahiyyət daşıyır, yəni bu iki faktor ölkələr arasında iqtisadi əlaqələrin zəifləməsinə, diplomatik münasibətlərin pisləşməsinə, ən pis halda isə mövcut bağların tamamilə qopmasına gətirib çıxara bilər. Ərazi iddiaları faktoru isə məsələni birbaşa hərbi müstəviyə daşıyır, bu gedişlə də qarşıdurmalara, müharibələrə səbəb ola bilir.

Bu kontekstə Dağlıq Qarabağ problemindən, Rusiyanın Krımı ilhaq etməsindən, Abxaziya və Cənubi Osetiya müharibələrindən və neçə-neçə başqa anoloji soyqırımlardan, faktlardan danışmaq olar. Hər üç hadisə yüzlərlə, minlərlə insan itkisinə yol açan böyük cinayət əməlidir. Təəccüblü məqam isə ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər nəhəng təşkilatların bu olaylara doğru-düzgün mövqe sərgilməməsi, qəbul edilən qətnamələrin, qərarların praktikada tətbiq edilməməsidir.

Qeyd edilən və edilməyən mötəbər qurumların substantiv fəaliyyətləri nələrdən ibarətdir? Yoxsa, bu təşkilatlar beynəlxalq münasibətlər sistemində və ölkələr üzərində öz təsir güncünü çoxdan itirib? Bəlkə, bu qurumlar öz prinsiplərinə qeyri-sadiqlik nümayiş etdirib, yalnız öz maraqları naminə çalışırlar? Onda, insan haqları və azadlıqları, qanunun üstünlüyü və demokratiya kimi ali dəyərlərdən və müasir hüquqi dəyərlər sistemindən danışanlar kimlərdir?
Yaxın tarixə nəzər salaq. Qərb ölkələrinin və Amerikanın da dəstəklədiyi "Ərəb Baharı" gözlənilən nəticəni vermədi və bölgədə bir sıra problemlərə yol açdı. Liviyada iqtidara gələn komanda ölkədə təhlükəsizliyi aradan qaldıra, sabitliyi təmin edə bilmədi. Hətta ölkənin bir qismi İŞİD-in nəzarətinə keçdi. Yəməndə daxili qarşıdurmalar başladı. Ölkə terror təşkilatlarının yuvasına çevrildi. Suriyada isə ixtişaşlar baş qaldırdı. Yüz minlərlə insan tələf oldu. Hökümətlərin çöküşü, Ərəb ölkələrinin bölünməsi iqtidar boşluğunun digər siyasi çevrələr tərəfindən doldurulmasına şərait yaratdı. Bütün bu hadisələri qiyama dəstək verən dövlətlər sadəcə olaraq, kənardan izləməklə keçindilər. Necə deyərlər, öz "əsər"lərinə tamaşa etdilər.

Dünyada təbii sərvətlər və ərazi iddiaları uğrunda müabrizələr getdikcə kəskinləşir. İqtisadiyyati böyük olan dövlətlər minor dövlətləri sıxışdırır, onların inkişaf etməsinə, böyüməsinə müxtəlif maneələr yaradır və beləliklə də, daim özündən asılı vəziyyətdə saxlamağa çalışır. Həmçinin nəhəng dövlətlər arasında da tək qütblü dünya yaratmaq iddiası ətrafında qızğın mübarizələr gedir. Bəzi siyasətçilər nə qədər, son dövrlər dövlətlərarası irimiqyaslı müharibələrinin baş verməsi ehtimalının azaldığını desələr də, əslində, bunun heç də belə olmadığını görürük. Ən azından, ABŞ-la İran arasında yaranmış mürəkkəb siyasi vəziyyət, ABŞ-ın İrana qarşı davamlı olaraq həyata keçirdiyi sanksiyalar və son günlər yüksələn siyasi gərginlik bunu deməyə əsas verir. Belə böyük dövlətlər arasında baş verəcək istənilən qarşıdurmanın ətraf ölkələrə təsirsiz ötüşməyəcəyi məlum məsələdir. Təəssüflər olsun ki, qonşu dövlətlərin belə münaqişələrdən kənarda qalmaq kimi bir lüksü yoxdur. Bu və bu kimi fikir ayrılıqları dünya iqtisadiyyatına və düzəninə də öz mənfi təsirini göstərəcəkdir.

Mədəni inkişafa ciddi fikir verən, Fransa Akademiyasının yaradılmasında böyük rolu olan, Sarbonna Universitetinə Avropanın ən böyük kitabxanalarından birini bəxş edən Kardinal Rişelye XIV əsrdə fransız krallarına zəif Almaniya, tənəzüllə uğramaqda olan İspaniya ilə həmsərhəd qüdrətli Fransa dövlətini miras qoydu. 1994-cü ildə isə qüdrəti daha da artan, getdikcə daha da güclənən və dünyada söz sahibi olan Fransa dövləti Ruanda soyqırımına şahidlik etməklə qalmayıb, tutsilərin qətlə yetirilməsində hutulara yardım etməkdən də çəkinmədi.

Siyasi və şəxsi abisiyaların önə çıxdığı, mənafelərin və maraqların toqquşduğu və hər ötən əsrin 80 ilinin müharibələrlə, kütləvi insan təlafatlarıyla müşayiət olunduğu bir dünyada diplomatiyanın müsbət mənada inkişaf elədiyini demək çətindir.

Tamamilə maddiləşən və siyasətin get-gedə daha çirkin bir şəkil aldığı dünya artıq ali dəyərlərin parçalanması mərhələsinə qədəm qoyub.
Yuval Noy Hararinin bir fikri təxminən belə idi, bütün ali dəyərlərə sadiq, humanist, dünyəvi və yenilikçi bir şəxsi lap dünyanın başına da gətirib qoysanız, yenə hər dəfəsində sistem qazanacaq...

ABŞ Prezdenti D. Tramp iki gün öncə dünyanın diktatura statusulu ən qəddar dövlətinə - Şimali Koreyaya rəsmi səfərə getdi... Koreyalılara yazığım gəldi niyəsə...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR