Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Almaniya və CAR-a səfər edib (FOTOLAR)
Foto 18:52 18.02.2019

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Almaniya və CAR-a səfər edib (FOTOLAR)

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti fevralın 10-dan 16-dək Almaniyanın Münhen şəhərində səfərdə olub. 

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq əlaqələri çərçivəsində təşkil edilmiş səfərin məqsədi "Otlaqların davamlı inkişafı və inteqrasiyalı idarə olunması” layihəsi üzrə peyk şəkillərindən istifadə edilməklə Azərbaycanda otlaqların ilkin qiymətləndirmə xəritəsinin təqdimatı və bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi olub.

Nümayəndə heyəti səfər çərçivəsində Almaniya Aerokosmik Mərkəzində, Bavariya Kənd Təsərrüfatı, Qida və Meşəçilik Nazirliyində, Bavariya Aqrar Tədqiqatlar Mərkəzində, Bavariya Ətraf Mühit Nazirliyində, eləcə də təbiəti mühafizə üzrə qeyri hökumət təşkilatları ilə görüşlər keçiriblər. Görüşlərdə nazirliyin mütəxəssisləri ilə Almaniyalı həmkarları arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş diskussiyalar aparılıb, həmçinin təcrübə mübadiləsinin aparılması və kənd təsərrüfatının müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdə həmçinin Azərbaycan nümayəndə heyəti ilə yanaşı Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları otlaqları praktiki müşahidə etmək üçün bir günlük Alp dağlarının ətəyində yerləşən Karlsruhe Texnologiyalar İnstitutunun "Alpin kampusu”nu da ziyarət ediblər.

Nazirliyin nümayəndə heyəti Cənubi Afrika Respublikasında da səfərdə olub. Səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir. 

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə "Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və "Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->