Xəbər lenti

Kənd təsərrüfatında dərin çat: Hədəflər icra olunmur, sərmayə qoymaq risklidir
Ekonomiks 19:19 14.11.2025

Kənd təsərrüfatında dərin çat: Hədəflər icra olunmur, sərmayə qoymaq risklidir

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi zərfinə verdiyi rəydə kənd təsərrüfatı sektoru ilə bağlı nəticələrini açıqlayıb. Rəydə qeyd olunur ki, 2022–2026-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur, sektor üzrə real göstəricilər gözləntilərin xeyli gerisində qalır.

Hesabatda ən kəskin məqam isə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə bağlıdır. Palatanın təqdim etdiyi cədvələ əsasən, 2025-ci ilin ilk 8 ayında Qarabağ regionunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməli olan layihələrin heç biri icra olunmayıb. 

Milli Məclisin sabiq deputatı Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bu gün kənd təsərrüfatı sahəsində yetərincə problemlərin olduğunu vurğulayıb:

"Bu sahəni inkişaf etdirmək üçün bir çox məsələlər həll olunmalıdır. Kənd təsərrüfatının əsas mənbəyi torpaq, ondan istifadə və maliyyə resurslarıdır. Sahibkarlar üçün bütün kompleks tədbirlər həyata keçirilmir. Kənd təsərrüfatının inkişafı üçün torpağa çoxlu investisiya qoymaq lazımdır. İnvestisiya da şirkətlər vasitəsi ilə olmur. İnvestisiya qoyan şirkətlər də xarici şirkətlərdir. Amma kənd təsərrüfatında əsas məhsulldarlığı inkişaf etdirmək, məhsulun istehsalını artırmaq üçün ilk növbədə həmin torpağın sahibi yerli əhali olmalıdır. Bu, vacib şərtdir”.

Sabiq deputat işğaldan azad olunmuş rayonlarda hələ torpaqların əhaliyə paylanılmadığını təəssüflə xatırladıb:

"Torpaqlar ancaq şirkətlərə verilir. Torpağın sahibi olmadığına görə, yerli əhali ora investisiya qoymaq istəmir. Torpağa qoyulan investisiya birdəfəlik deyil. Bu gün qoyulan investisiya neçə illərdən sonra bəhrəsini verir. Ona görə bu sahəyə kompleks yanaşmaq lazımdır. Kompleks yanaşma da yoxdur. İşğaldan azad olunmuş regionlardan söhbət gedirsə, xarici investorların əraziyə cəlb olunması, daxili investorların isə həmin əraziyə buraxılması problemlərə yol açır. Torpaqlardan istifadə əsasən yerli əhali tərəfindən aparılır. Bu saat isə yerli əhali həmin ərazidə yoxdur”. 
 


Deputatın fikirincə, ümumilikdə kənd təsərrüfatının inkişafı mühim məsələdir:

"Onun inkişafına ilk növbədə böyük investisiya qoyulmalıdır. İnvestisiyanın qoyulması üçün müəyyən mənada şərait də lazımdır, investorlar cəlb olunmalıdır. Yaxşı olar ki, bu daxili investorlar hesabına baş versin. Azərbaycanda daxili investorlar kənd təsərrüfatı sahəsinə əsaslı vəsait qoymurlar. Onlar daha çox ticarətə və xidmət sferasına vəsait qoyurlar. Ona görə də kənd təsərrüfatı mərkəzləşmiş formada dövlətin himayəsi altında olmalıdır. Rəqabət qabiliyyətli olması üçün ona dövlətin nəzarəti lazımdır. Düzdür, subsidiyalar da verilir, amma bunlar kifayət deyil”.  

Əli Əlirzayev hesab edir ki, kənd təsərrüfatının problemi bütün ölkənin iqtisadi-sosial inkişafının strategiyası və investorlardan, eyni zamanda mərkəzləşmiş fondlardan, sahibkarlığın inkişafından asılıdır:

"Əkin əkilir, amma onun suyu verilmir. Nəticədə qoyulan vəsait özünü qaytarmır. Bu səbəbdən əhali risk etmir ki, torpağa kapital qoysun. Təminat sistemi olmalıdır, köklü dəyişiklik lazımdır. Bu da yoxdur”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->