Amal Abuşov
İdman 12:16 03.10.2017

“Kəpəz”i gözləyən yeni təhlükə

Amal Abuşov

Gəncəli futbolsevərlərin yaxşı yadında olar. Bir müddət əvvəl "AzTV-nin göstərdiyi "Kəpəz” yazım vardı. Onların sevimli klublarının problemlərindən bəhs etmişdim. Bir müddət keçib, zaman dəyişib. Amma vəziyyət eynidi. "Kəpəz”in və Gəncə stadionunun vəziyyətində müsbətə doğru dəyişən heç nə yoxdu.

Bilirəm, artıq ürəyində etiraz baş qaldıranlar, məni "Kəpəz”i gözü götürməməkdə günahlandıranlar tapıldı. Amma belələri yanıldıqlarından əmin olsunlar. Sizin qədər olmasa da, biz də "Kəpəz”i sevirik və onun tez bir zamanda əvvəlki gücünü, şöhrətini qaytarmasını arzulayırıq. Bilirik ki, Gəncədə, Tovuzda, Lənkəranda futbol dirçəlmədikcə, elitada bu rayonları təmsil edən güclü komandalar olmadıqca, Azərbaycanda futbolun inkişafından danışmaq yersizdi.

"Qəbələ” üzərində qazanılan qələbə gəncəli azarkeşləri xeyli sevindirib. Premyer Liqanın liderlərindən birini məğlub etmək sevindiricidi. Amma iş orasındadı ki, lideri də, autsayderi də yenəndə qazancın 3 xal olur. Bu gün həmin o 3 xal "Kəpəz”in sonuncu pillədən qurtulmasına yetərli olmayıbsa, deməli, sevinmək hələ tezdi.  

Gəncə klubunun doğma şəhərdə normal stadionu, normal bazası olmalıdı. Olmalıdı ki, komanda orda məskunlaşsın, məşq etsin. Aşağı yaş qrupları üzrə komandalar da böyüklərə baxsınlar. Onlardan ibrət götürsünlər, özlərini onlara bənzətməyə çalışsınlar. Azarkeşlər də komandanın məşqinə gəlib, futbolçulara dəstəklərini daha yaxından hiss etdirə bilsinlər. Yeri gəlmişkən, Gəncə stadionunun qazonu dəyişdirilsə də, qəzalı tribunaların vəziyyətində dəyişiklik yoxdu. Deməli, "Kəpəz” azarkeşləri bundan sonra da dağılmaq təhlükəsi olan tribunalarda həyatlarını riskə ataraq komandalarını dəstək verməli olacaqlar. 

Stadionun ot örtüyünün dərdi isə daha ağırdı. Gözlərimizi "mazol” etmişdilər, az qala hər gün qazonun yaşıllaşma prosesini reklam edirdilər. İndi məlum olur ki, Gəncə şəhər stadionunun qazonu istifadəyə veriləndən sonra yeni təhlükəylə qarşılaşacaq. Klub rəhbərliyinin "uzaqgörən” siyasətinin nəticəsində. "Kəpəz” ikinci dövrədə Gəncədə altı oyun keçirməlidi.  

Təqvimə bir az diqqətlə baxaq: Oktyabrın 14-də "Zirə”yə qonaq gedəcək "Kəpəz” bir həftə sonra "Neftçi” ilə Gəncədə görüşəcək. II dövrənin son oyunu dekabrın 2-də "Sumqayıt”ladı. Burdan aydın olur ki, "Kəpəz” Gəncə stadionunda 43 günə 6 oyun keçirməlidi.  

AFFA-nın vəsaiti hesabına qazonu dəyişən SİS şirkətinin icraçı direktoru Sinan Öztürk isə "Futbol+” qəzetinə verdiyi açıqlamada isə stadionun bir ayda yalnız iki oyun qəbul edə biləcəyini deyib. Bura meydan sahiblərinin və qonaq komandanın məşqlərini əlavə edəndə, ot örtüyünün necə yüklənəcəyini təsəvvür etmək çətin deyil. Buna isə SİS cavabdehlik daşımır. Sitat: "Biz klub rəhbərliyni məlumatlandırmışıq. İşimiz qazonu hazır vəziyyətə gətirib, məsləhətlərimizi verməkdi. Sonrakı qərarlar isə onlara aiddi”.

Məncə, əlavə şərhə ehtiyac qalmır. "Kəpəz” yeni təhlükəylə üz-üzədir!

Qaynarinfo.Az