Azərbaycan millisi daha iki yoxlama oyunu keçirdi və yenə də qələbəyə həsrət qaldı. Qəribə təsadüfdür ki, Fernandu Santuşun çalışdırdığı komanda hər dəfəsində əziz bayram günlərində oyun keçirir və bayram əhval-ruhiyyəsini korlayır, insanları əsəbləşdirir. Novruz bayramı günlərində Haiti və Belarus ikisi birlikdə qapımıza beş cavabsız top vurub, əhvalımızı korladı. Qurban bayramındakı tətilimizi isə Latviya ilə Macarıstan burnumuzdan gətirdi. Düzdür, Riqada qolsuz heç-heçə qeydə alındı, macarların qapısına yol tapmağımız isə kiçik təsəlli oldu. Amma bu iki oyun da bizə bir həqiqəti yenidən başa saldı ki, Azərbaycan millisi dərin bir böhranın içindədir. Belə gedişlə rəsmi oyunlarda bizi daha acınacaqlı nəticələr gözləyir.
Əslində milli komandamızla bağlı yeni nəsə yazmaq çox çətindir. Deyilməsi mümkün olan sözləri demişik, yazılması mümkün olan yazıları xeyli vaxtdır ki, yazırıq. Bir çox acı həqiqətləri açıqlayır, problemləri sadalayırıq. Elə bu problemlərin həlli üçün görüləsi işləri də, böhrandan çıxış yollarını da göstəririk. Təəssüflər olsun ki, AFFA bütün bunları görməzdən gəlir, yenə də öz bildiyini edir. Təxminən bir il bundan əvvəl AFFA prezidenti cənab Rövşən Nəcəflə idman mətbuatının nümayəndələrinin tanışlıq xarakterli görüşü olmuşdu. Həmin görüşdə söz demək növbəsi mənə çatanda cənab Nəcəfdən xahiş etmişdim ki, idman jurnalistlərinə hörmət və diqqətini təkcə onlara səfərlər təşkil edib, əməkdaşlıq müqavilələri bağlamaqla göstərməsinlər. Həm də jurnalistləri vaxtaşırı dinləsinlər, onların təkliflərindən yararlansınlar, fikirlərinə və sözlərinə hörmətlə yanaşsınlar. Təəssüflər olsun ki, AFFA bu münasibətini dəyişməyib. Elə bilirlər ki, jurnalistlərlə bu cür davranmaqla bütün problemləri həll edəcək, tənqidlərdən yaxa qurtaracaq. Yanılırsız, cənablar.
Canni De Byazinin gəlişindən əvvəl də, onun yola salınmasından sonra da hamı bir ağızdan deyirdi ki, Azərbaycan futbolunun problemi baş məşqçi ilə bağlı deyil, yığmaya əcnəbi çalışdırıcı gətirmək lazım deyil. Lakin özümüz dedik, özümüz də eşitdik. AFFA-nın yeni rəhbərliyi də köhnələrin yolu ilə getdi, bahalı və yaşlı əcnəbiyə qucaq açdı. Buyurun, nəticələr ortadadır. Portuqaliyalı Fernandu Santuşun millinin baş məşqçisi kimi fəaliyyəti bizə nə qazandırıb? 10 qələbəsiz oyun. 10 ardıcıl oyunda qələbəyə həsrət qalan komandanın 3 il sonra böyük turnirlərin final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacağına AFFA rəhbərliyindən başqa heç kim inanmaz. Onları da buna sehirbaz Santuş inandırıb. Vaqif Sadıqov Santuşun istefasıyla bağlı sualı aqressiv qarşılayır, deyir ki, hər dəfə bu barədə soruşulmasını başa düşmür. Sözünün canı da odur ki, Santuşun getməsiylə nəticələr dərhal yaxşılaşmayacaq. Bəli, bunu biz də bilirik. Amma olmazmı ki, elə bu nəticələri əcnəbi baş məşqçi olmadan qəbullanaq?! Nə üçün illərimizi və milyonlarımızı əcnəbilərlə boşa verməliyik? Təəssüf ki, bu cür düşünən təkcə Sadıqov deyil. AFFA-nın rəhbərliyində oturanlar hamısı eyni düşüncədədir.
Millimizin uğursuzluqları, böhrandan çıxa bilməməyimiz bu günün, dünənin söhbəti deyil. Biz birdən-birə bu vəziyyətə düşməmişik. İllərdir ki, Azərbaycan futbolunun başına açılan oyunların, uşaq futbolunun məhv edilməsinin nəticəsi budur. Tunelin sonu hələ də qaranlıqdır, vəziyyətin müsbətə doğru dəyişəcəyinə indiki halda ümid də yoxdur. Çünki AFFA hələ də əməli işə keçmək niyyətində deyil, ictimaiyyətin başı strategiya nağılları ilə qarışdırılır. Əvvəlkilər də beləydi, indikilər də. Ona görə də əvvəlkilərin əkdiyi ağacların acı meyvəsini hələ çox dadmalı, millimizin məğlubiyyətlərinə dözməli olacağıq. Allah səbrimizi kəssin...
Amal Abuşov
Şərhlər