Ferrero ailəsi uzun illərdir ki, İtaliyanın ən varlı ailəsi olaraq "Forbes"in siyahısında yer alır. Bu ilin hesabatlarına görə, şirkətin hazırkı rəhbəri Ciovanni Ferrero və ailəsinin sərvəti 22,4 milyard dollardır. Bəs ailə bu qədər sərvəti necə əldə edib?
Qaynarinfo xəbər verir ki, Ferrero ailəsi dünyanın məşhur Ferrero şirkətinin sahibidir. Şirkətin istehsal etdiyi "Nutella”, "Kinder” və "Ferrero Rocher” şokoladları dünyaca məşhurdur.
Pietro Ferrero
"Ferrero”nun tarixi isə 1940-cı illərə gedib çıxır. II Dünya Müharibəsi ərəfəsində italyan tort ustası Pietro Ferrero ərzaq qıtlığı səbəbindən əlçatmaz olan şokoladları daha ucuz əldə etmək məqsədilə müxtəlif təcrübələr həyata keçirir. 1946-cı ildə bol fındıqlı, az miqdarda şəkər və kakonun qarışığından şokolad hazırlayır. Bu, "Nutella"nın ilk versiyası olan "Giandujot" məhsulu idi.
Məhsula tələbat artdıqdan sonra isə Pietro və həyat yoldaşı Piera kiçik şirniyyat evini fabrikə çevirirlər. Ferrero ailəsi II Dünya Müharibəsindən sonra şəkər sektorunda xaricdə istehsalat müəssisələri açan ilk italyan ailə idi ki, daha sonra şirkət beynəlxalq qrupa çevrilir. Bu addımlar ilk növbədə Pietro Ferrero və o zamanlar hələ gənc olan oğlu Mişelin uğurlu icadlarının nəticəsi idi. Artıq satışlar getdikcə artırdı, çünki Pietronun qardaşı Ciovanni uğurlu ticarət şəbəkəsi yaratmışdı.
Müharibədən sonra, 1949-cu ildə Pietro şokoladın yeni, çörəyin üzərinə sürtərək yeyilən növünü - "Supercrema Giandujot"u hazırlayır. Elə həmin il Pietro vəfat etdiyindən, şirkətin başına qardaşı Ciovanni keçir. "Ferrero"nun xaricdə ilk istehsal mərkəzi 1956-cı ildə, Frankfurtda açılır. 1957-ci ildə Ciovanni infarkt səbəbindən dünyasını dəyişdiyi üçün şirkətin başına Pietronun oğlu Mişel keçir. Yeni məhsullar yaratmaq əzmi ilə çalışan Mişelin sayəsində şirkət indiki gücünü əldə edir.
Mişel Ferrero və oğlu Ciovanni Ferrero
Atasından qalan şirkəti bir pillə də yuxarı çıxaran Mişel 1964-cü ildə saysız təcrübələrin ardından "Nutella"nın indiki formulunu tapır. Almaniyadan sonra Avstriya, Fransa, İtaliya bazarlarına daxil olan "Ferrero" böyüdükcə Avropanın sərhədlərini aşmağa başlayır və Ekvadora, Avstraliyaya və Honq Konqa qədər gedib çıxır. 1986-cı ildə şirkətin gəlirləri təxminən 1,5 milyard dollara çatmışdı.
Jr. Pietro və Ciovanni Ferrerolar
Şirkəti böyük gəlirlə inkişaf etdirən Mişel Ferrero 1997-ci ildə idarəçiliyi oğulları Ciovanni və Junior Pietroya həvalə edir. Ailə 2011-ci ildə Junior Pietronun vaxtsız ölümü ilə sarsılır. O, Cənubi Afrikada velosiped sürərkən infarkt keçirərək dünyasını dəyişir. Ondan sonra Ciovanni şirkətə təkbaşına liderlik etmək məcburiyyətində qalır. Çoxları atasının mirasını davam etdirə biləcəyinə inanmasa da, dünyanın ən yaxşı təhsil müəssisələrində aldığı təhsil və 80-ci illərdən etibarən atasının yanında keçdiyi təcrübə və gördüyü liderlik təcrübəsi şirkəti yaxşı şəkildə idarə etməsinə köməkçi olur.
Oğlundan sonra - 2015-ci ildə, 89 yaşında "Nutellanın atası" Mişel Ferrero da dünyasını dəyişir. O, dünyadan köçəndə Ferrero ailəsinin 26 milyard dollar sərvəti var idi. Bununla Mişel Ferrero İtaliyanın ən varlıları arasında birinci, dünya müstəvisində isə 20-ci yerdə idi.
Ciovanninin anası Maria Franca Fissolo və həyat yoldaşı Paola Rossi
Hazırda "Ferrero" şirkətinə Mişelin oğlu Ciovanni Ferrero rəhbərlik edir. O, şirkət CEO-su olmaqla yanaşı, eyni zamanda da yazıçıdır. Ciovanninin marketinq və sosial həyatla bağlı 7 kitabı yayımlanıb. İtalyan iş adamı Paola Rossi ilə evlidir. Cütlüyün Maykl və Bernard adında iki oğlu var.
Qeyd edək ki, sadəcə 3 nəsildə balaca şirniyyat mağazası 160-dan çox ölkədə mal satan, təxminən 40 min müştərisi olan və ildə 365 min ton "Nutella" istehsal edən "Ferrero"ya çevrilib. Hazırda "Ferrero" şirkəti dünyanın 3 nəhəng şokolad istehsalçısından biridir. Ciovanni özü isə uğurlarını belə dəyərləndirir: "Bu, ümidverici bir başlanğıcdır".
Çingiz Səfərli
Şərhlər