Hüseynbala Səlimov
"Rusiya liberal imperiya olmalıdır” – bəli, əgər bu fikir 21-ci əsrdə deyilirsə və onu qeyri bir kimsə yox, keçmiş qərbçi-demokrat, iqtisadçı–reformator Anatoli Çubays deyirsə, bu, artlq o deməkdir ki, Rusiya ilə bağlı böyük ümidlərə qapılmaq lazım deyil, çünki imperiya düşüncəsi və dünyagörüşü rusların sosial–siyasi mentalitetinin ən dərin qatlarına sirayət edib.
Ona görə də keçmiş sovet respublikaları belə qərara gəlsələr ki, onlara asanlıqla Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq müyəssər olacaq, bu, çox böyük sadəlövhlük olardı, çünki hələ böyük U.Çörçill yazırdı ki, ruslar o nadir xalqlardandırlar ki, yalnız güclə hesablaşırlar.
Sovet imperiyasının çöküşündən artıq otuz il keçir və bu mənada il yubiley ili olmağı vəd edir və nəzərə alsaq ki, bir ildən sonra SSRİ-nin yaradılmasının da yüz illiyi olacaq, onda belə düşünmək olar ki, söhbət "ikiqat yubiley”dən gedir.
Bəli, kimsə keçmiş SSRİ-nin yüz illiyini, başqa birisi isə onun çöküşünün otuz illyini qeyd edəcək və adi məntiq bizə onu deməyə əsas verir ki, ikincilər birincidən daha çox olacaq. Bu gün üçünsə yalnız onu demək mümkündür ki, təkcə Baltik respublikalarına Rusiya ilə qismən də olsa bərabərhüquqlu münasibətlər qurmaq müyəssər olub, qalan keçmiş sovet ölkələrilə isə Moskvanın münasibətləri ya soyuqdur, ya da ki, çox problematikdir.
Son otuz ildə təkcə ayrı-ayrı ölkələr və ya xalqlar yox, cəmi bəşər sivilizasiyası irəliyə doğru böyük addım atıb: bəziləri Asiyanı seçib, digərlərisə Avropanı, amma Rusiya bunların hər ikisinə iddia edir və ya iddia etməkdə qərarlıdır. Amma Rusiyanın bu iddiası onun Asiya və Avropa inkişaf modellərini uzlaşdırmaq istəyinin əlaməti yox, onun nəticəsidir ki, Moskva daim gözə soxmağa çalışır ki, nə Asiyanın, nə də Avropanın işləri onun iştirakı olmadan baş tuta bilməz.
Belə bir yanaşma nəyə gətirib çıxardı, biz bunun üzərində xüsusi dayanmaq istəmirik. Təkcə onu qeyd edək ki, transkontinental ambisiyalar irəli sürmədən bəzi Asiya ölkələri, xüsusən də Çin, Yaponiya və Cənubi Koreya daha böyük inkişaf səviyyəsinə çatdılar, nəinki Rusiya...
Bizə, digər sovet ölkələrinə gəldikdə isə, demək olmaz ki, bizim aqibətimiz tamam faciəli oldu. Yox, əvvəlcə Rusiya imperiyasının, daha sonra isə Sovetlərin tərkibində olarkən biz də müəyyən vərdişlər və biliklər öyrəndik, savadsızlığı aradan qaldırdıq, Avropa mədəniyyətilə tanış olduq. Amma bütün bu illər ərzində Rusiya bir filtr kimi hərəkət edir və bizim əvəzimizə bizə nəyin lazım olub-olmamasını müəyyən edirdi və bu səbəbdən bizim əldə etdiyimiz mədəniyyəti obrazlı şəkildə "second hand” mədəniyyəti adlandırmaq daha düzgün olardı.
Təəssüf ki, belə vəziyyət bu günə qədər davam edir – seçim hüququnu Rusiya hələ də öz əlində saxlamaq istəyir. SSRİ-nin süqutundan sonra çoxu başa düşdü ki, ya Asiyanı, ya da Avropanı seçmək lazımdır, çünki bunların hər ikisini seçmək ilanla kirpini cütləşdirmək kimidir.
Odur ki, bəzi respublikalar Avropaya üz tutdular, amma Baltik ölkələrindən savayı digər əski sovet respublikaları bunun bədəlini ödəməli oldular – o səbəbə görə ki, bu ölkələrlə Avropa arasında Rusiya qərar tutub, hansı ki, bu gün də başqalarının əvəzinə müəyyən edir ki, kimə Avropaya olar, kimə isə olmaz...
Avropa, əlbəttə ki, Rusiya ilə hesablaşmaq və hər şeyi onunla razılaşdırmaq zorunda deyil. Hələ ötən yazıda qeyd etmişdik ki, Avropa İttifaqı artıq Özbəkistanla danışıqlar aparır. Əlbəttə, ən azı coğrafi amillər ucbatından Aİ ilə saziş imzalamadan da Azərbaycan və bəzi əski sovet ölkələri Mərkəzi Asiya ilə müqayisədə daha çox avropalıdırlar.
Gəl ki, həyat Avropa ölkələrilə, xüsusən də Aİ ilə əlaqələri dərinləşdirməyi və genişləndirməyi tələb edir və bu tələbat təkcə geoiqtisadi məzmun kəsb etmir, bunu bizə Dağlıq Qarabağ problemi də diqtə edir, çünki Avropa iqtiqamətini unuda və yaxud da onu tamamilə ermənilərin ixtiyarına verə bilmərik.
Məlumdur ki, Aİ artıq bir neçə ildir Azərbaycanla Şərq Tərəfdaşlığı Proqramından irəli gələn sənəd üzərində işləyir. Belə hesab olunur ki, bu il də məsələ aktual olacaq. Bakı Brüssellə müvafiq sənədi nəhayət ki, imzalayacaqmı? Onu imzalamaq, ümumiyyətlə, lazımdırmı? Etiraf edək ki, biz bu sualların dəqiq cavabını bilmirik, çünki indi çox həssas məqamdır, belə ki, yalnız indi Rusiya ilə Dağlıq Qarabağ məsələsində anlaşmağa başlamışıq və nə qədər desək ki, Aİ ilə imzalanacaq sazişin heç bir geosiyasi mənası - missiyası yoxdur, ruslar buna inanmayacaqlar.
Amma Avropa təkcə geosiyasi aletrnativ deyil, o, daha üstün mədəniyyət, texnologiya və iqtisadi model deməkdir. Odur ki, daim Aİ səmtinə aparan yolun qırağında dayanmaq yalnız yaxın və birrəngli obyektləri görməyə imkan verən siyasi daltonizm kimi bir şeydir; dünya isə daha rəngarəngdir və bu rənglər görmək, seçmək üçündür ki, sonra daha deməyək ki, bizim seçim imkanımız yox idi...
Şərhlər