Xəbər lenti

Sənət 15:51 12.03.2019

Kino sahəsinin effektiv inkişafı necə təmin edilməlidir? (AÇIQLAMA)

Bir müddət öncə prezident İlham Əliyev film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb. 
 
Prezidentin kino ilə bağlı son sərəncamından gözləntilər nədir və Azərbaycan kinematoqrafiyasında hansı islahatlara ehtiyac var?
 
Bu barədə Qaynarinfo-ya danışan Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov prezidentin kino sahəsinin modernləşdirilməsi ilə bağlı imzaladığı sərəncamı təqdirəlayiq hesab etdiyini bildirib və bu sahənin effektiv inkişafının təmin edilməsi üçün atılmalı olan zəruri addımları açıqlayıb:


 
"Bu, çox sevindirici haldır. Ölkə prezidentinin bu qərarı bütün kinematoqrafçılar tərəfindən müsbət qarşılanır. Ayrılmış vəsait birbaşa istehsalata buraxılıb. Amma bununla bərabər 3 ay ərzində kinonun inkişafı konsepsiyası da hazırlanmalıdır. Bilirsiniz ki, ölkə başçısı "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı da təsdiqləmişdi. Təəssüf ki, o proqramın xeyli maddəsi yerinə yetirilməmiş qaldı. Düşünürəm ki, inkişaf haqqında konsepsiyanın hazırlanması da məhz bu ehtiyacdan doğur. Ona görə filmlərin birbaşa istehsalının maliyyələşməsi ilə yanaşı struktur dəyiklikləri haqqında da tədbirlər görülməlidir. Bilirəm ki, Mədəniyyət Nazirliyində işçi qrupu yaradılıb. Ümid edirəm kinomuzun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Fikrimcə, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda qoyulan məsələlər gec olsa da həyata keçirilməlidir.

- Dövlət tərəfindən prodüser kinosunun dəstəklənməsi
- Özəl şirkətlərin dövlət studiyaları ilə bir yerdə çalışması
- Özəl studiyaların dövlət studiyaları ilə eyni şəraitdə işləməsi

Yəni, bu 5 milyon uğrunda mübarizədə özəl studiyalarla dövlət studiyaları bərabərhüquqlu iştirak etməlidirlər. Kənd təsərrüfatında da, tikinti də, elmdə də dövlətin ayırdığı subsidiyalar uğrunda dövlət istehsalat mərkəzləri ilə özəl istehsalat mərkəzləri bərabərhüquqla yarışmalarda, tenderlərdə, müsabiqələrdə iştirak etməlidirlər və edirlər. Əvvəl Mədəniyyət Nazirliyində də belə idi. "Bu meydan, bu ekran" yarışması var idi, tammetrajlı filmlər üçün müsabiqələr keçirilirdi və tammetrajlı filmləri də, qısametrajlı filmləri də həm özəl studiyalar, həm də dövlət studiyaları yerinə çəkirdi. Son 5-6 ildə çox pis tendensiya formalaşıb. Dövlət studiyalarının, daha dəqiq desək "Azərbaycanfilm" kinostudiyasının monopoliyası yaranıb. Bu, çox pisdir və çox pis nəticələri oldu. Bu gün ölkədə 5 dövlət kinostudiyası var. Əgər dövlət studiyalarına üstünlük verilirsə, bunların 5-nə də verilərdi. Ya vermirsizsə, bir kinostudiyanı niyə seçmisiz?!

Qanunumuz, vaxtı keçmiş də olsa təsdiq olunmuş dövlət proqramımız tələb edir ki, bütün studiyalar ayrılmış vəsait uğrunda bərabərhüquqlu mübarizə aparmalıdır. Mübarizə necə olmalıdır?

Müstəqil, savadlı, peşəkar, mötəbər insanlardan ibarət komissiya yaradılmalıdır. Bütün özəl və dövlət studiyaları bura müraciət etməli və ssenarilərini təqdim etməlidir. Komissiya şəffaf qeyd etməlidir ki, hansı ssenari qalib gəlib, hansı ssenari isə məğlub olub və hamısı, məğlub olanlar da, qalib gələnlər də çap olunmalıdırlar. Onda heç bir narazılıq olmayacaq və heç kim "mənə niyə film verilmədi?” deməyəcək. Çünki görəcək ki, hansı ssenari zəifdir, hansı daha güclüdür. Bu olsa, 5 milyon manat effektiv xərclənəcək. Bir də ki, devalvasiyaya qədər "Azərbaycanfilm"də filmlərin orta büdcəsi 800 min - 1 milyon manat arası idi. Dəfələrlə demişik ki, Azərbaycanda tarixi olmayan, döyüş səhnələri, xüsusi çəkiliş effektləri olmayan, fantastik janrda çəkilməyən müasir həyatda baş verən realistik filmlərin orta büdcəsi 300-400 min arası, bəzi hallarda da daha azdır. Bizim sözümüzü təkzib edirdilər, amma devalvasiyadan sonra "Azərbaycanfilm" 2-3 film istehsal elədi ki, onların büdcəsi 150-300 min manat aralığında idi. Deməli, 150-300 min manata film çəkmək olar, özü də çox keyfiyyətli şəkildə və istedadlı, məşhur aktyorların iştirakı ilə. Azərbaycanda filmlərin büdcələrini süni şəkildə şişirtmək lazım deyil. Bu 5 milyona 15 tammetrajll film çəkmək olar.

Ümid edirəm ki, yeni inkişaf konsepsiyasında dövlət studiyaları ilə özəl studiyalara bərabər şərait yaradılacaq. Bu pullar hansı filmlərə ayrılacaqsa, həmin filmin şəffaf şəkildə seçilməsi üçün müsabiqə olacaq və ən əsası kinonu kurasiya edən orqan nazirlikdən asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərəcək. Məsələn, necə ki, bizdə Dövlət Turizm Agentliyi var, eləcə də kinonu idarə edəcək orqan, məsələn, Dövlət Kino Agentliyi adı altında müstəqil qurum və ya publik hüquqi şəxs ola bilər. Və bu qurum dövlətlə bütün istehsalçı şirkətlər arasında əlaqələri təmin etməlidir. Deməli, əsas odur ki, kinonu idarə edəcək qurum ayrı olsun, nazirliyin bazasında olmasın, özəl studiyalara dövlət studiyaları ilə bərabər şərait yaradılsın və təqdim olunan ssenarilər şəffaf yolla, müstəqil ekspertlər tərəfindən təsdiqlənsin. Bu 3 şərt yerinə yetirilsə, inkişafa və effektivliyə zəmanət vermək olar”.
 
Kinoşünas Aygün Aslanlı isə Qaynarinfo-ya açıqlamasında ayrılmış vəsaitin düzgün xərclənəcəyinə inamının az olduğunu qeyd edib:


 
"2000-ci illərdən bəri ölkədə bir sıra filmlər çəkilib. Düzdür, keyfiyyəti mübahisəli ola bilər. Aralarında bədii və texniki baxımdan güclüləri də var, zəifləri də. Azərbaycanda çox film çəkilə bilməz. Çünki bizim bazarımız balacadır. Bu baxımdan kinomuzun Rusiya və digər ölkələrlə müqayisə edilməsi doğru deyil. Ən azından ildə 5 film çəkilə bilər. Sərəncamda nəzərdə tutulan 5 milyonun xərclənməsinə gəlincə, bunu elə təqdim edirlər ki, elə bil bu vaxta qədər Azərbaycan kinosuna vəsait ayrılmayıb. Halbuki, 2 il əvvələ qədər, devalvasiyadan sonra bu rəqəm azalanadək, bu sahəyə ildə 6 milyon manat ayrılırdı. bununla yanaşı, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” vardı ki, orada qeyd olunanların heç biri həyata keçirilmədi. Odur ki, pul azalan kimi əksər kino xadimlərinin, "kino pulsuz olmaz", "kinoya maliyə ayrılmalıdır" kimi açıqlamaları mənə gülünc gəlir. Çünki o pul olanda nə iş görüldü ki, indi nə görülə?! Ona görə də 5 milyon manat nəyə xərclənməlidir, deyə bilmərəm. Ümid edək ki, bu dəfə pul doğurdan da kinonun inkişafına lazım olan işlərə xərclənəcək. Ən azından o vaxtı bitmiş Dövlət Proqramında 10 il ərzində etmədiklərini indi etməyə başlasalar, bu, çox böyük nailiyyət olar. Amma inanmağım gəlmir. Bu barədə bir az pessimistəm. Ümid edirəm ki, yanıldarlar".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->