Azərbaycanda kişi boşandığı həyat yoldaşından aliment tələb edir.
Qaynarinfo xəbər verir ki, cütlük qarşılıqlı razılaşma ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək boşanıb. Razılaşmada boşandıqdan sonra qarşı tərəfin ondan aliment tələb etməyəcəyi əsas şərtlərdən biri olub. Bundan başqa, uşaqlar Bakıda orta məktəbdə təhsil aldığından ana onların atasında qalmasına razılıq verib. Boşanma başa çatan kimi kişi həyat yoldaşını aliment tələbi ilə məhkəməyə verib və ondan ayda 700 manat istəyib.
Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə xanımın üzərinə 300 manat aliment öhdəliyi tələbi qoyulub. Məhkəmənin qərarının yerinə yetilmədiyini, yəni iki ay alimentin ödənilmədiyini görən kişi eks həyat yoldaşından şikayət edərək, onu həbsə atdırmaq istəyir.
Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, mövcud qanunvericilikdə aliment uşağa görə ödənilir:
"Əgər uşaq atada qalıbsa, ata anadan aliment tələb edə bilər. Bu uşağın saxlanmasına görə alınır. Necə ki uşaq qadında qalarkən kişidən aliment tələb edir, eyni qaydada kişi də qadından aliment tələb edə bilər. Əgər yuxardakı məsələdə boşanma razılıq əsasında baş veribsə və razılıq məhkəmə qərarı ilə təsdiq edilibsə, kişi qadından aliment tələb edə bilməz. Amma mən ehtimal edirəm ki, belə bir şey yoxdur. Belə olsaydı, məhkəmə heç bir zaman qadına aliment kəsməzdi".
Əkrəm Həsənov qarşılıqlı razılaşmanın şifahi olduğunu vurğulayıb:
"Qanun kişinin tərəfindədir. Kişinin aliment hüququ var və uşağın saxlanması üçün onu tələb edir. Amma hamımız bilirik ki, adətən məhkəmələr boşanma hallarında uşağı anaya verir. Bu işdə bizim bilmədiyimiz nələrsə var. Hər bir halda söhbət alimentdən gedirsə kişinin tələb etmək hüququ var".
Bahar Rüstəmli
Şərhlər