Xəyanət adətən bir tərəf qarşı tərəfdə istədiklərini tapmadıqda baş verir. Ya da biz bunu belə adlandırırıq. Çox vaxt xəyanətə səbəb xarici görünüş göstərilir. Ancaq dəfələrlə gözəl və ağıllı qadınların da xəyanətə uğradıqlarının şahidi olmuşuq. Hətta araşdırmalara görə belə qadınlar daha çox xəyanətə məruz qalır.
Elə “çirkin bəxti” ifadəsi də burdan yaranıb. Belə ki, kişi qarşısında mükəmməl qadın gördükdə bu onda şüuraltı qıcıq yaradır. Qadından üstün olduğunu göstərmək, özgüvənini artırmaq üçün yollar axtarır. Və təbii ki, ən sadə yolu - xəyanəti seçir. Yeni qadın, yeni əlaqə, yeni həyəcan, yeni, yeni... Bütün bunlar onun özünü daha yaxşı hiss etməyə, özgüvənin yüksəlməsinə səbəb olur.
Beynin hormonal funksiyalarını araşdıran alimlərin apardığı təcrübə nəticəsində müəyyən olunub ki, xəyanət beyində “oksitosin” və “vasopressin” hormonunun azlığı nəticəsində baş verir. Alimlər bu qənaətə bir tarlada siçanlar üzərində apardıqları araşdırma zamanı gəlib. Belə ki, siçanlar ən sadiq heyvanlar adlandırılır.Onlar ilk dəfə cütləşdiyi dişi siçanları heç vaxt tərk etmir və aldatmırlar. Hətta həmin dişi siçan öləndə belə başqa siçanla cütləşmədən imtina edir. Təcrübə üçün siçanın beynində “oksitosin” və “vasopressin” hormonlarının təsiri azaldıldıqda siçan başqa dişilərə baxmağa, onlarla cütləşməyə başlayır. Hazırda bu üsuldan valideyn-övlad münasibətlərinin bərpasında istifadə olunsa da, insanlar arasındakı şəxsi münasibətlərin tənzimlənməsində hər hansı müdaxilə qadağandır. Çünki insan bütün qərarları verməkdə, hisslərini özü idarə etməkdə sərbəstdir.
Mövzuyla bağlı müraciət etdiyimiz psixoloq Vəfa Əkbərin fikrincə xəyanətin müxtəlif səbəbələri var:
“Xəyanətin səbəbləri müxtəlif ola bilər. Məsələn, məcburi qurulan ailələr, xarakter uyğunsuzluğu, qadın “dır-dırı” və s. kimi hallar xəyanətə gətirib çıxardır. Keçmişdə, məsələn müharibə dövründə qadınların sayı kişilərdən çox olduğundan bir kişinin öhdəsinə bir neçə qadın düşürdü. Bu da bir növ “xuliqanlıq” yaradıb. Psixoloji cəhətdən nəsildən-nəsilə ötürülüb. Kişilər düşünür ki, onlar bir nüçə qadını eyni anda idarə edə bilərlər. Ancaq bu o demək deyil ki, bütün kişilər xəyanət edir. Mən iş təcrübəmdə də, həyat təcrübəmdə də dəfələrlə ailəsinə tam sadiq insanlar görmüşəm. Bu bir növ özünü, düşüncələrini, nəfsini tərbiyə ilə bağlıdır. Yəni bir insan formalaşıbsa, özünə hörmət edirsə, nə istədiyini bilirsə, o zaman həmin insan monoqam olur”.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər