ABŞ-nin İran-İsrail münaqişəsinə hərbi müdaxiləsi regional gərginliyi gücləndirmək təhlükəsi yaradır və Çinin Yaxın Şərqdəki iqtisadi mövqeyini təhdid edir.
"Report" xəbər verir ki, bu fikri "South China Morning Post" qəzetinə istinadən ekspertlər bildirib.
Cənubi Çin Texnologiya Universitetinin İctimai Siyasət İnstitutunun elmi işçisi Suy Veyçzun deyib ki, Yaxın Şərqdə artan gərginlik Çinin regiona investisiyalarını sarsıdacaq, çünki münaqişə əsas layihələri, eləcə də ticarət zəncirlərini və neft idxalını təhdid edir: "Çinin enerji təhlükəsizliyi və neft tədarükü baxımından Hörmüz boğazı mühüm yoldur. İranın boğaz üzərində coğrafi nəzarəti nəzərə alınarsa, orada hər hansı eskalasiya təchizatın sabitliyini təhlükə altına sala bilər".
Britaniyanın "Economist Intelligence Unit" analitik mərkəzinin Çin üzrə mütəxəssisi Suy Tyançenin fikrincə, ABŞ-nin müharibədə iştirakı Vaşinqton və Pekin arasında tarif məsələsi ilə bağlı danışıqların ləngiməsinə səbəb ola bilər.
Eyni zamanda, o, hesab edir ki, Çin həmişə Yaxın Şərqdə qarşıdurmaların əleyhinə olub, səylərini əsasən hərbi məsələlərə deyil, iqtisadiyyat və diplomatiyaya yönəldib: "Çin Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrlə yaxınlaşır, bu ölkələr ekstremal ssenari baş verməsə, münaqişədən əhəmiyyətli dərəcədə təsirlənməyəcək".
Şərhlər