Foto 13:58 14.08.2018

Klub çempion futbolçularını satıb keçi aldı (FOTOLAR)

Türkiyənin İsparta şəhərində fəaliyyət göstərən "Gülspor" klubu maraqlı addım atıb.

Qaynarinfo xəbər verir ki, 1954-cü ildə qurulan klubun rəhbərliyi yetirməsi olan futbolçuları sataraq keçi alıb.

"Gülspor" klubu həvəskarlar liqasında çıxış etməkdən imtina edib və arıq 9 ildi 11-19 yaşlı futbolçularla uşaq və gənclər liqalarında çıxış edir. Bölgənin ən köklü klubu həm həvəskarlar liqası, həm də peşəkar klubların aşağı yaş qrupları üçün futbolçular yetişdirir. 

Bu günlərdə isə klub rəhbərliyi yetirmələri olan 18 futbolçunu 15 min lirə qarşılığında həvəskar klublara sataraq keçi satın alıb. İndi 150 futbolçusu olan klubun 10 keçisi var.

16 ildi "Gülspor"un prezidenti olan Kenan Büyükleblebi əsas hədəflərinin futbolçu yetişdirmək olduğunu bildirərək 4-5 yaş qrupunda çempion olduqlarını deyib: "Bir qrupda çempion olmağın və çempionatlara qatılmağın xərci 10-15 min lirədi. Bunun otel və yol xərcləri də var. 4 çempionluğunuz olsa, 50-60 min lirə xərc deməkdi. Bu səbəbdən klubumuzun daimi gəlir mənbəyi olmalıdı. Bu xərclərdən qurtulmaq və uşaqların yetişməsinə daha yaxşı yatırım etmək üçün buna ehtiyacımız var. 18 futbolçunu 15 min lirəyə sataraq əldə etdiyimiz gəliri keçi almağa sərf etdik. Onun daha gəlirli iş olduğunu düşünürük".

Klub rəhbəri bir keçinin ildə 600 litr süd verdiyini, südün litirinin isə 4 lirə olduğunu bildirib: "Saxlamaq xərclərini çıxandan sora 4-5 min lirə gəlir, ilk ildə 20 bala gözləyirik. 6 il sonra klubumuzun 140 keçisinin olmasını proqnozlaşdırırıq".