İdman 20:48 22.06.2019

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq?

Avrokuboklar mövsümünə start verilməsinə az bir müddət qalıb. Məlum olduğu kimi, Azərbaycanın da 4 təmsilçisi, "Qarabağ", "Neftçi", "Səbail" və kubokun finalında "Sumqayıt"ı məğlubiyyətə uğratmış "Qəbələ" də avrokuboklarda iştirak edəcək.  Təmsilçilərimizdən üçü avrokuboklara ilk mərhələdən başlayacaq. Yalnız "Qəbələ" ikinci mərhələdən mübarizəyə qoşulacaq. Artıq rəqiblər də müəyyənləşdiyindən qalır oyunlara tamaşa etmək. Bəs komandalarımızın çıxışları canlı yayımlanacaqmı? 

Sport7.az bu suala aydınlıq gətirmək üçün klubların rəsmiləri ilə əlaqə saxlayıb, canlı yayım məsələlərində son məlumatları öyrənib.

Asif Əsgərov, "Qarabağ"ın meneceri: "Hələ ki, bu məsələ bizim üçün prioritet deyil. Daha vacib işlərimiz var, onlarla məşğuluq. Yayıma gəlincə, kanallar işləməlidi, klub deyil. Ancaq biz də çalışacağıq ki, kanallara kömək edək. Həm "CBC Sport", həm də "İdman Azərbaycan" oyunlarımızı yayımlamaq istəyir, sadəcə, bizdən hərəkət gözləyirlər. Nə vaxtsa olub ki, oyunumuz yayımlanmasın? Səhv etmirəmsə yalnız "Şerif"lə oyun verilməmişdi. Həmin vaxt da konkret yayım olmamışdı. Heç öz telekanalları da göstərməmişdi. Çalışırıq hər zaman azarkeşlərimizin oyunumuza baxmasına şərait yaradaq".

Rüstəm Allahverdiyev, "Neftçi"nin mətbuat katibi: "Danışıqlar aparırıq. "CBC Sport" telekanalı bununla bağlı bizə müraciət edib. Çox güman ki, ev oyunumuz bu telekanal vasitəsilə yayımlanacaq. Ancaq hələ son qərar verilməyib, bu istiqamətdə işlər gedir.  Səfər oyunu ilə bağlı isə vəziyyət məlum deyil".

Töhrə Əhmədova, "Səbail"in mətbuat katibi: "Əslində "CBC Sport" yayımlamalıdı. Bu telekanalla danışıq aparırıq. Hələ ki, razılıq əldə olunmayıb. Bu yalnız bir neçə gündən sonra ola bilər. Oyunumuzun "CBC Sport"da yayımlanmasını istəyirik".