Dünyadakı köçəri quş növlərinin yarıdan çoxunun sayı insan fəaliyyəti nəticəsində yaranan müxtəlif təhlükələr səbəbindən azalır.
Qaynarinfo xəbər verir ki, bu barədə akademik nəşr "The Conversation” yazıb.
Məqalə müəllifləri – Georgetovn Universitetinin Yer Fondunun dekanı, biologiya və ətraf mühit üzrə professor Piter Marra və Smithsonian İnstitutunun ekoloq-tədqiqatçısı Natan V. Kuper bildirirlər ki, milyardlarla köçəri quşun sağ qalması müxtəlif ölkələrdə yerləşən təbii ərazilərdən ibarət geniş şəbəkədən asılıdır.
Alimlər 3380-dən çox köçəri quş növünün vəziyyətini təhlil edərək müəyyən ediblər ki, onların yarıdan çoxunda populyasiyanın azalması tendensiyası müşahidə olunur. Əsas səbəblər təbii yaşayış mühitlərinin məhv edilməsi, invaziv növlər, binalarla toqquşmalar, ovçuluq, qanunsuz ticarət, zəhərli pestisidlərdən istifadə, eləcə də balıq torlarına düşərək həlak olmalarıdır.
Tədqiqatçılar qeyd edirlər ki, son iyirmi ildə elm bu sahədə mühüm irəliləyiş əldə edib. Miniatür peyk ötürücüləri, genetik tədqiqatlar, avtomatlaşdırılmış radiomonitorinq sistemləri və vətəndaş elmi layihələri alimlərə ayrı-ayrı quşların miqrasiya marşrutlarını izləməyə, həmçinin təbiətin mühafizəsi tədbirlərinin ən səmərəli olacağı əraziləri daha dəqiq müəyyən etməyə imkan verir.
Müəlliflərin fikrincə, yalnız yuvalama və ya qışlama ərazilərinin qorunmasına əsaslanan ənənəvi yanaşma artıq kifayət etmir. Onlar köçəri növlərin bütün illik həyat dövrünün – çoxalma ərazilərindən miqrasiya marşrutlarınadək və qışlama yerlərinədək – kompleks şəkildə qorunmasını təklif edirlər.
"Ərazilərin qorunması həlledici əhəmiyyət daşısa da, həyatı qitələr və okeanlar boyunca keçən növlərin mühafizəsi üçün bu, təkbaşına kifayət etmir", deyə Piter Marra və Natan V. Kuper vurğulayırlar.
Tədqiqatçılar bildirirlər ki, bir sıra nüfuzlu dövlətlərin beynəlxalq təbiətin mühafizəsi sazişlərində yetərincə iştirak etməməsi qlobal səylərin effektivliyini məhdudlaşdırır.
Problemin miqyasına baxmayaraq, alimlər nikbinliyi itirməməyə çağırırlar. Onlar xatırladırlar ki, təhlükəli DDT pestisidinin qadağan edilməsindən sonra bir sıra quş növlərini məhv olmaq təhlükəsindən xilas etmək mümkün olub. Müasir elmi biliklər isə təbiətin mühafizəsi üçün daha geniş imkanlar yaradır.
"Gələcək nəsillərin bu möhtəşəm miqrasiyaları müşahidə edib-edə bilməyəcəyi bugünkü nəslin seçimindən və onları qorumaq üçün atacağı addımlardan asılı olacaq", deyə tədqiqatçılar bildiriblər.
Aydın
Şərhlər