Xəbər lenti

Körpü yolun bir hissəsidir
Rəşad SƏFƏR
Sənət 12:42 23.01.2024

Körpü yolun bir hissəsidir

Bir ara Axundovu və axundovçuluğu söymək dəbə minmişdi. Söyənlərin kiçik bir hissəsi səmimi olaraq Mirzə Fətəli Axundov və onun gətirdiyi maarifçilik (aydınlanma) yolunun artıq Azərbaycan üçün köhnəldiyini düşünürdülər. Hətta bəziləri çəkinmədən deyirdilər, bu yol təkcə köhnəlməyib, həm də uzun müddət xalqımıza çox mənfi təsir edib, onun inkişafının qarşısını alıb. İndi bu zillətdən qurtulmaq üçün gərəkdir ki, axundovçuluğun başını buraxaq.  

Başqa bir dəstənin daha çox din söhbətlərinə görə Axundovdan zəhləsi gedirdi (hələ də gedir). Üzdə özlərini mədəniyyət, tərəqqi aşiqi kimi göstərib dini kitablarda elmi ayələr, sənətdə metafizika axtaranlar Axundova olan nifrətlərini nisbətən gizli saxlamağa çalışırdılar. Amma ilk fürsətdə, yəni vaxtilə axundovçu olanların Axundovu söyməyə başladığı ilk dəqiqələrdə bu gizli dəstənin səsi yüksəlməyə başladı. Hələ Rafiq Tağının qətlindən sonra əllərinə daha çox girəvə düşdü. Bax, gördünüz, hər şey bir kənara, nəyə lazım idi insanların heysiyyəti ilə oynamaq ki, axırı da belə olsun? Hamısının da səbəbi köhnəlmiş axundovçuluqdur. 

Üçüncü dəstə maraqlı yol keçdi. Əvvəl maarifçilik söhbətləri ilə başladılar. Xalqı o ki var tənqid elədilər. Buradan hökumətin tənqidinə keçdilər. Sonra da gün gəldi, maarifçiliyin bitdiyini elan etdilər. Hətta şəhadət gətirdilər ki, bu mərət əvvəldən yararsız olub, çünki xalqımız böyük xalqdır, ziyalılar onun qədrini bilməyib. Oradan keçdilər xalqı-milləti tərifləməyə. Xalqı-milləti tərifləməklə dövlətçilik arasında keçid çox qısa sürdü. Yüngül manevrlərlə dövlətçiliklə hökumət birləşdirildi. Sonra nə oldu? Sonra belə oldu ki, xalqı tərifləyib oradan dövlətçiliyə keçənlər əslində problemlərin həll olunmadığını, ölkənin daha da geriyə getdiyini görüb yenidən xalqı günahkar görməyə başladılar. Xalq hələ inkişafa hazır deyil, bu xalqla inkişaf çətin məsələdir və ilaxır. Amma bu dəfə xalqın-kütlənin təndiqi axundovçuluq olmadan, kölə təfəkkürü ilə edilirdi: mənə bir tikə çörək artıq verilsin, belimə qırmanc dəyməsin deyə ağanın yanında dayanıb o biri kölələri söymək məntiqi. 

İlin-günün bu vaxtı Axundovu xatırlamağımın səbəbi böyük yazıçımız Çingiz Hüseynovun ölümü oldu. Çingiz Hüseynov həm xarakteri, həm əsərləri ilə rahat-rahat "böyük yazıçımız” deyə biləcəyimiz insanlardandır. Onu xatırlamaq həm də Mirzə Fətəli Axundovu xatırlamaqdır. Çingiz müəllim ölümü ilə Axundovun tariximizdə rolunu bir daha düşünməyimə səbəb oldu. Axundov haqqında çox yazılıb, çox danışılıb. Çingiz müəllim də "Fətəli fəthi”ndə Axundovun mübarizəsini və bu mübarizədə tənhalığını göstərir. 

Axundovun oynadığı körpüsalan rolunu düşünürəm. Bəzi insanların böyüklüyü (öz yaradıcılıqlarının böyüklüyü ilə yanaşı) ənənələr arasında körpü yaratmalarındadır. Ənənələr istər bir xalqın öz tarixində, istər müxtəlif xalqlar arasında olsun, körpüsalanlar vasitəsilə birləşir. Hətta bəzilərinin yaradıcılıqlarını yüksək qiymətləndirmək olmur, amma məhz körpü salmaq funksiyası onların dəyərini yüksəldir. 

Qərb mədəniyyətinin tarixinə baxanda təxminən beşminillik dövrdə ən müxtəlif ənənələrin məhz körpülər sayəsində bir-birinə bağlandığını görürük. Bu körpülər bəzən insanlar, bəzən böyük siyasi liderlər, bəzən də bütöv bir sənət məktəbi tərəfindən yaradılırdı. 

Mesopotamiya mədəniyətlərinin Miletə, oradan Yunanıstana, oradan Romaya, oradan da bütün Avropaya və bütün dünyaya yayılmasının səbəblərindən biri bu cür körpüləri yarada bilən insanların mütəmadi var olmasıdır. On altıncı əsr italyan rəssamı və mədəniyyət xadimi Corco Vazari rəsmlərindən daha çox görkəmli sənət adamlarının həyatı haqqında yazdığı kitabı ("Ən görkəmli rəssamların, heykəltəraşların və memarların həyatı”) ilə önəmlidir. Romen Rollan, Stefan Sveyq kimi yazıçılar əsərlərinin bədii keyfiyyətlərindən daha çox tarixin böyük insanlarını özündən sonrakılara yaxından tanıtdırdıqlarına, sənətdə humanizm ənənəsinin iyirminci əsrin ən təlatümlü, ən vəhşi illərində belə davam etməsinə çalışdıqlarına görə dəyərlidir. Viktoriya Okamponu heç argentinalılar da çox tanımır. Əsərlərində parlaq heç nə yoxdur. Amma bu qadının saldığı körpü sayəsində Borxes, Kortasar, Bioy Kasares kimi adamlar Latın Amerikasında və dünyada tanındı. Avropa mədəniyyətinin nümayəndələri bu qadının "Sur” jurnalı sayəsində Argentina sənət ənənəsinə daxil oldu. Səksən yeddi yaşlı Mario Varqas Lyosa dayanmadan, yorulmadan ədəbiyyatın və ədəbi ənənələrin təbliği ilə məşğuldur. Bu cür şəxslərin qərb mədəniyyətində sayı bir kitaba sığmayacaq qədər çoxdur.

Bizdə sinəsini irəli verib körpü salmaq funksiyasını öz üzərinə götürən ilk şəxs Mirzə Fətəli Axundovdur. Axundovun dahiliyi yazdığı əsərlərin bədii keyfiyyətində deyil. Hətta ədəbi tənqidə tab gətirməyəcək qədər zəifdir bəziləri. Amma Axundov inkişafın, tərəqqinin, bir toplumu ağ günə çıxarmağın yollarının nə olduğunu yaxşı anlayırdı. Axundov Füzulini tənqid edəndə dərdi bizi şərq ənənəsindən qoparmaq deyildi. O ənənənin onsuz da canımıza hopduğunu bilirdi. Demək istəyirdi ki, bildik, şərq ənənəsini mənimsəmisiniz, ancaq başınızı qaldırıb bir ətrafa da göz gəzdirin, görün dünyada nələr baş verir. On doqquzuncu əsrdə dünya mədəniyyəti artıq bütün ənənəvi "izm”lərin zirvəsini geridə qoyub tamam yeni, əndrəbadi sənət cərəyanlarının elanı üçün son məşqlərini edirdi. Amma biz hələ teatrın nə olduğunu bilmirdik. Romandan, musiqidən, operadan, rəsmdən danışmıram heç.  Axundovun dərdi beş əsrlik uçurumu aşmaq üçün kiçik də olsa, bir körpü salmaq, bir cığır, bir yol açmaqdı. Bütün tənhalığına baxmayaraq uğurlu da oldu. Sonrakı yüz il boyunca inkişaf etmiş mədəniyyətlərdən əxz etdiyimiz şeylər onun çıxdığı yolun gətirdiyi nemətlərdir. 

Mədəniyyətimizin körpülərindən başqa kimlər var? Mətbuat məsələsində Həsən bəy Zərdabi. Yaxud Üzeyir Hacibəyov. Üzeyir bəyin körpüsalan kimi böyüklüyü Axundovdan sonrakı dövrdə ayrıca vurğulanmalıdır. Yaxınlarda seçilmiş əsərlərini yenidən oxudum. Yeri gəlmişkən, latın qrafikası ilə gözəl tərtibatda nəşr olunub. Oxuduqca bir insanda bu qədər enerjiyə heyran olmaya bilmirsən. Ancaq yanğıdan doğa bilərdi bu qədər enerji. Bir yandan opera bəstələyir, bir yandan libretto yazır, bir yandan publisistika ilə məşğul olur, bir yandan musiqiçilər yetişdirir, bir yandan da xalqa parlamentin, seçkinin önəmini başa salır. Yaratmaq istədiyi körpülərin sayı çox idi. 

Elə Çingiz Hüseynovun özü də "Fətəli fəthi” ilə kiçik bir körpü salmaq istəyib. Axundovun böyüklüyünü bir daha anlamağımıza yardım edir. Kifayət qədər geniş və obyektiv yazılmış bir romandır. "Sübhün səfiri” kimi əttökən söhbətlər eləmir. 

Son yetmiş-səksən ildə körpü salmaq işini üzərinə götürən hərəkat kimi Azad Yazarlar Ocağını xatırlayıram. AYO sayəsində uzun illər dünya ədəbiyyatından qopuqluğumuza kiçik parçalarla da olsa, yamaq vuruldu. Amma əgər konkret şəxs adı çəkməli olsam, Seymur Baycanı dövrümüzün körpüsalanı hesab edə bilərik. Seymur həm Axundov və o xətdə olan klassik ənənə ilə aramızda yeni və daha möhkəm körpü salmaqdan ötrü dəridən-qabıqdan çıxdı. Uzun illər doğru bildiyi yola hamını dəvət etməkdən yorulmadı. Maddi-mənəvi bütün hücum və məhrumiyyətləri gözə aldı. Həm də dünya ədəbiyyatı ilə özünməxsus körpü yaratmağa çalışır. Hörmətli publisistimiz Zamin Hacının sözləri ilə desək, Seymur Baycan ölkəmizdə ədəbiyyatı, sözü təbliğ etmək üçün çox xidmətlər göstərmiş, əziyyətlər çəkmiş adamdır, az qala Sovet vaxtının "Bilik” cəmiyyəti, "Ədəbiyyatı təbliğ fondu” kimi fəaliyyət göstərir. 

Mən bu yazıda adını çəkdiyim insanların və hərəkatların mübahisəli məqamlarına toxunmuram. Çünki mövzumuz bu deyil. Hər kəs hər kəs tərəfindən mübahisəli görünüb tənqid oluna bilər. Hər şey müzakirəyə açıqdır. Digər tərəfdən, adını çəkmədiyim bir xeyli şəxslər var ki, onlar da öz miqyaslarında balaca körpülər yaratmağa çalışıb və yaradıblar da. Amma bu yazıda daha çox körpülərin əhəmiyyətini və bu yolda böyük enerji sərf edənlərdən ilk xatırladıqlarımı qeyd edirəm.

Bu gün hamı axundovçu olmağa məcbur deyil. Axundov və ya Hacıbəyovun dövründə aktual olan nələrsə indi aktual olmaya bilər. Digər tərəfdən, hamı eyni cür düşünmür. Fərqli-fərqli sənət əsərlərinin, sənət cərəyanlarının yaranma səbəbi də insanların dünyaya və hadisələrə baxışlarının fərqliliyidir. Amma vacib olan Axundov və onun kimilərin körpü fəlsəfəsini anlamaqdır. Cəmiyyətlərin inkişafında sənətin roluna inanmaqdır. Onların fəaliyyətindən enerji almaqdır. Doğrudan da, bu cür insanlar enerji mənbəyidir. Hər təmasda insana yaratmaq üçün ilham verirlər. Bu gün Axundovun dövründə deyilik. Azdan-çoxdan nələrəsə nail olmuşuq. Amma onlardan ilhamlanıb hərə öz sahəsində körpü fəlsəfəsinə bir az yer versə, əldə etdiklərimizin həcmi dəfələrlə artar. 

Fürsətdən istifadə edib qeyd edim ki, bu məsələdə musiqiçi dostların yaratdığı "Cadenza” orkestrinin fəaliyyəti çox təqdirəlayiqdir. Son vaxtlar insanların modern dünya və yerli akademik musiqi ilə tanış olmaları üçün xeyli iş görürlər. Düzdür, hələ ki auditoriya ürəkaçan deyil. Minlərlə yazan-pozan, rejissor, musiqiçi, rəssam, jurnalist, yəni sənət və qələm adamlarının olduğu bir ölkədə "Cadenza”nın konsertlərinə, təşkil etdiyi tədbirlərə yüz-iki yüz adam güclə gəlir. Hər halda, ümid edək, zamanla artacaq. Şəxsən öz növbəmdə bu cür fəaliyyətinə görə "Cadenza” orekstrinin heyətinə təşəkkürümü bildirirəm. 

Körpü yolun bir hissəsidir. Məşhur şüarın, bəlkə də, əsas deyilməli olduğu məqam bu yazıda vurğuladığım körpü məsələsidir. Əgər xalqların, toplumların inkişafa gedən yolları varsa, bu yollar üzərində körpülərin olmağı mütləqdir. Körpüsalanların bəzən yaradıcılıqlarının problemli tərəfləri, şəxsi kaprizləri, xarakterlərinin ziddiyyətləri onların oynadıqları rolun əhəmiyyətini azaltmamalıdır. Çünki bir toplum üçün böyük faciələrdən biri onunla mütərəqqi ənənələr arasında yaranmış təmiredilməz qopuqluqdur.

Rəşad Səfər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->